Göyçay və Xaçmaz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi istifadəyə verilib.
Day.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, mərhələli şəkildə icra olunan proses artıq Göyçay və Xaçmaz rayon mərkəzi xəstəxanalarında da tam yekunlaşıb.
"Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.
Məlumat üçün bildirək ki, ölkə üzrə artıq 30-a yaxın tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib",- deyə məlumata əlavə edilib.
Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi istiqamətindən həyata keçirilən tədbirlər davam etdirilir.