AZ

Politoloq: "Vaşinqton razılaşmaları Rusiyadan yan keçən nəqliyyat marşrutlarını inkişaf etdirəcək"

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sənədlərin imzalanması Rusiyadan yan keçən nəqliyyat marşrutlarının inkişafını təmin edəcək.

Bunu “Report”un Qazaxıstan bürosuna qazaxıstanlı politoloq Dimaş Aljanov avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş sammitin nəticələrini şərh edərkən bildirib.

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra bir çox ölkələr təkcə neft-qazın deyil, digər malların da alternativ tədarük marşrutları haqqında danışmağa başladı. Geosiyasi vəziyyətin bu cür inkişafı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) vasitəsilə ticarət dövriyyəsinin kəskin şəkildə artmasına səbəb oldu. Bu kontekstdə avqustun 8-də Bakı və İrəvan arasında imzalanan Birgə Bəyannamə Rusiyadan yan keçən alternativ marşrutların inkişaf prosesinin sabit olması hissini yaradır", - o qeyd edib.

D.Aljanov hesab edir ki, dəmir yolunun (Ermənistan ərazisindən keçən - red.) əməliyyat fəaliyyətinə cavabdeh olacaq dünyanın aparıcı dövlətlərindən biri olan ABŞ-nin iştirakı ticarət yollarının sabit olacağına və gələcəkdə Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağına ümid verir: "Bu, yükləri Cənubi Qafqazdan keçəcək bütün ölkələrə də sabitlik hissi verəcək. Qazaxıstan Transxəzər marşrutunda yer alan ölkələrdən biridir. Bu, həm də Türkiyə, Çin və Avropanın maraqlarına cavab verir".

Onun sözlərinə görə, Vaşinqtonda imzalanan sənədlər Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasa uğramasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Birgə Bəyannamə imzalayıb. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət və diplomatik əlaqələri, qarşılıqlı səfərləri bərpa etmək, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməkl bağlı öhdəlik götürüb. Bundan əlavə, Azərbaycan və Ermənistanın XİN başçıları üç ölkənin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.

Seçilən
7
50
report.az

10Mənbələr