Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryan və bir sıra sabiq yüksək vəzifəli şəxslərə qarşı iddia qaldırıb.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iddiaya əsasən, 2008-ci il prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı zorakılıq qurbanlarına və onların ailələrinə ödənilmiş 670 milyon dram məbləğində kompensasiyanın dövlətə geri qaytarılması tələb olunur.
Baş Prokurorluq 11 avqust 2025-ci ildə Antikorrupsiya Məhkəməsinə dövlət maraqlarının müdafiəsi tələbi ilə müraciət edib. İddiada Köçəryanla yanaşı, həmin dövrdə Təhlükəsizlik Şurasının katibi olmuş Armen Gevorqyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturovun da adı yer alır.
Prokurorluq məbləğin həmrəylik prinsipi ilə, yəni hər birindən bərabər şəkildə ödənilməsini tələb edir.
Məhkəmə işin icraata qəbul edilib-edilməməsi ilə bağlı hələ qərar verməyib.