Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində səfərdədir. Avqustun 10-14-də keçirilən G20 Dinlərarası Forumun mövzusu “İman fəaliyyətdə”dir. G20 Sammitləri ərəfəsində təşkil olunan Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu qlobal platforma kimi tanınır.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, Forumun işinə müxtəlif dünya dinlərinin nümayəndələrinin duaları ilə start verilib.
Forumun prezidenti Kol Dürhamın dəvəti ilə tədbirdə iştirak edən şeyxülislam A.Paşazadə açılış plenar iclasında çıxış edib. Cənubi Afrika Respublikasının G20-də sədrliyi çərçivəsində təşkil edilən tədbirə dəvətə görə minnətdarlığını bildirən QMİ sədri Forum iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xeyir-dualarını çatdırıb.
A.Paşazadə qeyd edib ki, müasir dövrdə insan həyatına və qlobal sabitliyə təhdidlər artmaqdadır. Ksenofobiya, etnik və dini ayrı-seçkilik, nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, süni intellektin mənfi təsirləri, silahlanma yarışı və nüvə təhlükəsi bütün bəşəriyyət üçün böyük risklər yaradır. O vurğulayıb ki, “İman fəaliyyətdə” mövzusu dinlərin potensialının və ümumbəşəri dəyərlərin problemlərin həllinə töhfəsini ön plana çıxarır.
Azərbaycanın tolerantlıq və multikulturalizm diyarı kimi qlobal dialoq prosesində aparıcı rol oynadığını xatırladan QMİ sədri ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbirində dini liderlərin iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə fəal iştirakını qeyd edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irqlərin və xalqların bərabərliyinin tanınması, müstəmləkəçiliyə qarşı mübarizə sahəsində mühüm addımlar atdığını vurğulayıb.
Şeyxülislam bildirib ki, Azərbaycan BMT-nin müvafiq qətnamələrini icra edərək işğala son qoyub, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. İşğaldan azad edilmiş Qarabağda hazırda bərpa-quruculuq işləri, əhalinin qayıdışı, ekosid və urbisidin nəticələrinin aradan qaldırılması istiqamətində geniş layihələr həyata keçirilir.
Forum çərçivəsində QMİ sədrinin müxtəlif mədəni proqramlarda iştirakı, həmçinin bir sıra rəsmilərlə görüşləri nəzərdə tutulur.