Avqustun 12-nə keçən gecə Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib. Hücum nəticəsində ölən və yaralanan əsgərlər var.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Telegram” kanalında məlumat yayılıb.
"Raket təhlükəsi” siqnalı daxil olduqdan dərhal sonra şəxsi heyət müvafiq qaydada məlumatlandırılıb.
“Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir qrup hərbi qulluqçu təchiz olunmuş sığınacaqlara keçərkən kaset sursatlarının vurduğu ərazidə olub”, -deyə məlumatda bildirilir.
Saat 09:00-a olan məlumata görə, raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 12 əsgər akustik travma və kəskin stress şikayətləri ilə tibbi yardım üçün müraciət edib.
Raket zərbəsi yerində müvafiq təcili yardım xidmətləri işləyir. Yaralılara lazımi tibbi yardım göstərilir.
"İnsanların həyat və sağlamlığının qorunması məqsədilə təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz edilməsi istiqamətində ardıcıl işlər davam etdirilir. Bundan başqa, düşmənin raket və hava hücumları zamanı hərbi qulluqçuların mühafizəsi üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir", - deyə USQ əlavə edib.