Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 30 milyon manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, istiqrazlar 1 007.9167 manat qiyməti ilə satışa çıxarılacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 2025-ci il aprelin 28-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3 faiz təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.