Müasir dəniz əməliyyatlarının mürəkkəb ehtiyaclarına cavab vermək və Hərbi Dəniz Qüvvələrinə strateji üstünlüklər təmin etmək məqsədilə hazırlanmış ADVENT döyüş idarəetmə sisteminə (DİS) süni intellekt dəstəyi gəlir.
Bu barədə “Poliqon” HAVELSAN şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, Türkiyə müdafiə sənayesində proqram təminatı əsaslı həllər hazırlayan HAVELSAN, süni intellekt dəstəkli sistemlərin hibrid əməliyyat mühitlərinə inteqrasiyası üçün işlər aparır. Şirkət, süni intellekt sahəsində qurumların öz məlumatları ilə təlim etdirilə bilən, həm qapalı şəbəkədə, həm də internet üzərindən səmərəli işləyə bilən və özünəməxsus dil quruluşuna sahib Korporativ Süni İntellekt Platforması MAIN-i hazırlayıb.
MAIN, məlumatların məxfiliyini və təhlükəsizliyini təmin edir, rol əsaslı giriş və səlahiyyətləndirmə imkanı verir, vaxt və xərc baxımından səmərəli həllər təqdim edir, istifadəçi dostu interfeys dizaynı ilə korporativ iş proseslərini həm daha rahat, həm də daha məhsuldar edir.
HAVELSAN-ın son dövrdə diqqət çəkən bu süni intellekt həlli ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının yüz illik təcrübə və bilik bazasına əsaslanan ADVENT döyüş idarəetmə sistemi həm ölkə daxilində, həm də xaricdə qazandığı uğurlarla ön plana çıxır.
Türkiyə HDQ Araşdırma Mərkəzi Komandanlığı ilə birgə hazırlanmış və ən yaxşı döyüş idarəetmə sistemləri arasında göstərilən ADVENT, müasir dəniz əməliyyatlarının ehtiyaclarına uyğun olaraq layihələndirilib.
Birgə və çoxmillətli missiya qüvvələrinin birlikdə çalışa bilməsini əsas götürən ADVENT DİS, əməliyyat mühitində eyni vaxtda qərarvermə, komanda və idarəetmə proseslərini daha yüksək səviyyəyə qaldırır. Türkiyə də daxil olmaqla 9 ölkədə aktiv istifadə olunan ADVENT, HAVELSAN-ı qlobal miqyasda müdafiə texnologiyaları sahəsində etibarlı və təsirli bir oyunçu kimi mövqeləndirir.
MAIN, ADVENT döyüş idarəetmə sistemi çərçivəsində Texniki Xidmət Dəstək Köməkçisi kimi yerləşdirilir. Sistem, texniki xidmət addımlarını müəyyənləşdirmə, xidmət təlimatlarını axtarma/tapma, sistem miqyasında sual-cavab dəstəyi təqdim etmə xüsusiyyətləri ilə təbii dil dəstəkli qarşılıqlı əlaqə yaradaraq texniki xidmət proseslərini daha sürətli, təhlükəsiz və təsdiqlənə bilən hala gətirir.
Bu çərçivədə laboratoriya mühitində 1-ci faza işləri tamamlanıb və 2-ci faza üçün işlər davam etdirilir. MAIN-in, texniki xidmət proseslərinə dəstək verməklə yanaşı, əməliyyat fəaliyyətlərinə də töhfə verməsi üçün inkişaf etdirilməsi nəzərdə tutulur. Süni intellekt dəstəyi ilə proses idarəçiliyi daha ağıllı və səmərəli olacaq. Onun qərar dəstəyi sahəsindəki töhfəsinin gələcəkdə daha da artması gözlənilir.
HAVELSAN şirkəti ADVENT vasitəsilə süni intellekt dəstəkli qərar mexanizmləri hazırlayaraq, dəniz platformaları başda olmaqla müxtəlif əməliyyat mühitlərində bir sıra qabiliyyətləri ön plana çıxarmağı hədəfləyir.
Tanıma və təsnifat, anomaliyanın aşkarlanması, naviqasiya təhlükəsizliyi, vəziyyətə dair məlumatlılıq, təlim fəaliyyəti kimi qabiliyyətlər böyük məlumat, maşın öyrənməsi, görüntü tanıma və böyük dil modelləri (LLM) kimi qabaqcıl texnologiyalarla dəstəklənir.
Süni intellekt həlləri müdafiə və təhlükəsizlik sektorunda qərarvermə proseslərini sürətləndirir, dəqiqliyi artırır və insan-maşın qarşılıqlı əlaqəsini daha effektiv səviyyəyə daşıyır.