AZ

Yulian Kifu: Tramp və Cənubi Qafqazda sülh Zəngəzur dəhlizindən TRIPP ə

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Buxarest, 12 avqust, AZƏRTAC

Rumıniyanın tanınmış siyasi analitiki, Rumıniya Prezidentinin sabiq müşaviri Yulian Kifu Ermənistan və Azərbaycan arasında ABŞ vasitəçiliyi ilə əldə olunan tarixi sülh razılaşmasının geosiyasi və iqtisadi nəticələrini təhlil edərək “Calea Europeana” nəşrində “Cənubi Qafqazda yeni geoiqtisadi səhifə açılır” sərlövhəli analitik məqalə yazıb.

AZƏRTAC xəbər verir ki, yazıda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanan Birgə Bəyannamənin 40 ilə yaxın davam edən münaqişəyə son qoymaq məqsədi daşıdığı vurğulanıb. Sənəd qarşılıqlı ərazi bütövlüyünün tanınmasını, gücdən istifadədən imtinadan və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq prinsiplərini təsbit edir. Y.Kifu yazır ki, razılaşmanın ən mühüm bəndlərindən biri Ermənistan ərazisindən keçəcək “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı strateji dəhlizin yaradılmasıdır. Bu dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək dəmir yolu, enerji, fiber-optik rabitə və potensial elektrik xətləri üçün regional tranzit imkanları yaradacaq. ABŞ bu marşrutu inşa etmək və 99 il ərzində idarə etmək hüququ əldə edib.

Analitikə görə, TRIPP dəhlizi yalnız iqtisadi layihə deyil, həm də geosiyasi alətdir. ABŞ regionda nüfuzunu artırarkən, Rusiyanın ənənəvi vasitəçi rolu zəifləyir. Türkiyə layihəni regional əlaqələrin inkişafı baxımından müsbət qarşılayıb. İran isə təhlükəsizlik risklərini əsas gətirərək dəhlizin qarşısını almaqla hədələyib.

Müəllif bildirir ki, Ermənistan diasporu və bəzi daxili siyasi qüvvələr layihənin suverenlik və ərazi bütövlüyünə təsiri ilə bağlı narahatlıqlarını bildirir. Digər tərəfdən, Azərbaycan tərəfi üçün bu, Naxçıvanla birbaşa əlaqənin qurulması və regionda logistika üstünlüyü əldə etmək baxımından tarixi imkandır. Müəllifin fikrincə, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlaya bilər, lakin bu, iştirakçı ölkələrin siyasi iradəsi və böyük güclərin balanslı yanaşmasından asılı olacaq. TRIPP dəhlizi isə iqtisadi faydalardan əlavə, beynəlxalq siyasətin necə biznes imkanına çevrilə biləcəyinin bariz nümunəsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
50
azertag.az

10Mənbələr