İtaliyada yüksək qiymətlər səbəbindən pullu çimərliklərdə ziyarətçi sayı kəskin azalıb. Məsələn, dörd nəfərlik bir ailə bəzi bölgələrdə çardaq və günəşdən qoruyan çətirlərin kirayəsi üçün gündə 100 avrodan çox ödəməyə məcburdur.
Ölkə.Az-ın "Der Spiegel"ə istinadən məlumatına görə, bu amil pullu çimərliklərin ziyarətçi sayının azalmasına səbəb olur.
İtaliyada 7500 kilometrdən çox sahil xətti dövlətə məxsus olsa da, çimərliklərin yarıdan çoxu özəl operatorlara icarəyə verilib. Operatorların çoxu orta gəlirli insanlara əlçatmaz qiymətlər tətbiq edir. 2024-cü ildə iki şezlonqun və çətirin kirayəsi orta hesabla 30 avro idisə, 2025-ci ildə qiymətlər əhəmiyyətli dərəcədə artıb. Məsələn, Santa-Marinellə bölgəsində "La Perla del Tirreno" kurortunda gündəlik icarə təxminən 60 avrodur. Əlavə olaraq, kapuçino 5 avro, ton balıqlı çizburger isə 14 avrodur.
Toskana bölgəsindəki "Twiga" adlı elit çimərlikdə avqust ayında “hakim çadırı”nın icarəsi gündə 1500 avro təşkil edir (qida və içkilər daxil deyil).
İtaliya Turizm Assosiasiyası "Assobalneari Italia"nın məlumatına görə, bu mövsümdə pullu çimərliklərin ziyarətçi sayı 25–30% azalıb. Sənaye nümayəndələri 15 avqust bayramında artıma ümid edirlər, lakin bir gün bütün mövsümün itkilərini kompensasiya edə bilməz.
Assosiasiya prezidenti Fabrisio Likordari ziyarətçi sayının azalmasını inflyasiya və ailələrin alıcılıq qabiliyyətinin düşməsi ilə əlaqələndirir. İtaliya turizm naziri Daniella Santançe isə böhran barədə xəbərləri “panik” və “həqiqətdən uzaq” adlandırıb.