GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada keçirilməsi gözlənilən görüş öncəsi yayılan bəzi iddialar Kiyevi narahat edib. Belə ki, Trampla Putin arasında baş tutacaq hər hansı razılaşma ilə Ukraynanın bəzi ərazilərini güzəştə getməyə məcbur ola biləcəyi iddia edilir.
Məlumata görə, Prezident Volodimir Zelenski məsələyə sərt reaksiya verərək ölkəsinin bununla razılaşmayacağını bildirib.
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, hansısa liderin istəyinə əsasən bir ölkənin ərazilərinin başqa dövlətə verilməsi anlayışı təcrübədə yoxdur:
“Ukrayna müstəqil şəkildə dirəniş göstərə biləcək səviyyədədir. Sözügedən məsələ həm də Konstitusiyaya ziddir, dəyişiklik edilməsi labüd olacaq. Ukraynanı dəstəkləyən aparıcı dövlətlər də mövcuddur. Onların sırasında Avropanın əsas ölkələri, Böyük Britaniya və Kanada kimi güclü tərəfdaşlar var. Ərazi güzəştləri məsələsi təkcə Kiyevlə deyil, eyni zamanda həmin dövlətlərlə də razılaşdırılmalıdır. Donald Trampın istəyi isə heç nə ifadə etmir. Silah tədarükünün və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq kimi təhdidlərlə Ukraynaya təzyiq etmək cəhdləri ola bilər. Lakin Kiyevin qırmızı xətləri var və bunu heç bir dövlət başçısı aşa bilməz. Ukrayna xalqı da bunu liderlərinə bağışlamaz.
Digər vacib məqam orduda döyüşən əsgərlərlə bağlıdır. İndiyə qədər tökülən qanlar və itirilən canlar fonunda ərazilərin Rusiyaya verilməsi ilə heç kim razılaşmaz. Bu, Ukraynada çox ciddi hərbi-siyasi parçalanmaya səbəb ola bilər. Belə bir proses Putinin qələbəsi anlamına gələr, lakin Avropa İttifaqı (Aİ) dövlətləri razı olmayacaq. Çünki Ukraynada istədiyini əldə edən Putinin iştahı daha da artacaq və digər Avropa ölkələrinə qarşı iddialı mövqe sərgiləməyə başlayacaq. Bu səbəbdən, Aİ öz təhlükəsizliyini təmin etmək üçün sona qədər Ukraynanı müdafiə edəcək.
Həmçinin oxuyun:
Əliyevlə danışan Tramp ümidləndi – Daha bir müharibənin üstünə gedir
Natiq Miri
Politoloq bildirib ki, Putin atəşkəs tərəfdarı kimi görünərək ABŞ-la münasibətləri normallaşdırmağa çalışa, bu yolla Ukraynaya təzyiq edib istədiyini almağa cəhd göstərə bilər:
“Lakin Rusiyanın atəşkəs üçün real hazırlıq apardığına dair heç bir əlamət yoxdur. Əksinə, yeni texnikaların cəlbi və qoşunların böyük bir hücuma hazırlaşdığı müşahidə olunur. Prezident Zelenski başda olmaqla Ukrayna xüsusi xidmət orqanlarının da bundan xəbəri var. Atəşkəsə hazırlaşan bir dövlət başçısı belə hərbi hazırlıq aparmaz.
Putin sülh niyyəti ilə Trampla görüşməyəcək. ABŞ ərazi güzəştləri hesabına iki tərəf arasında razılığın əldə olunmasını və beləliklə müharibənin dayandırılmasını istəyir. Donald Trampın məqsədi isə Nobel Sülh Mükafatını qazanmaqdır. O, Ukrayna müharibəsinin dayanacağı təqdirdə həmin mükafatın özünə veriləcəyinə inanır. Ukraynanın hazırda işğal altında olan ərazilərinin Rusiya ərazisi kimi tanınması variantı müzakirə mövzusu ola bilər. Lakin konkret ərazi mübadiləsi və ya həmin torpaqların de-yure Rusiya ərazisi kimi tanınması mümkün görünmür. Görüş ərəfəsində bu cür məlumatların yayılması təsadüfi deyil — Donald Tramp ərazi məsələsini gündəmə gətirməklə dolayı yolla ictimai rəyi hazırlayır”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.