Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər. Dövlətimizin başçısı çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır. Son illər Azərbaycan Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə edərək inkişaf yolunda inamla irəliləyir. Dövlətimizin həyata keçirdiyi siyasət, aparılan islahatlar və xalq–iqtidar birliyi ölkəmizi regionda lider mövqeyə çıxarıb. Tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqlar, sülh və sabitliyin bərqərar olması, işğaldan azad olunmuş torpaqlarımızın bərpası Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə böyük uğurlar qazanır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində görülən genişmiqyaslı işlər, müasir infrastruktur layihələrinin icrası, yeni şəhər və kəndlərin salınması Azərbaycanın gələcəyinə inamı daha da möhkəmləndirir. Beynəlxalq aləmdə artan nüfuzumuz, mühüm qlobal təşəbbüslərdə fəal iştirakımız Azərbaycanın söz sahibinə çevrildiyini təsdiqləyir. Bu gün ölkəmiz yalnız regional deyil, eyni zamanda beynəlxalq proseslərin də fəal iştirakçısıdır.
Xalqımız bu uğurların hər birini qürurla qarşılayır, çünki əldə olunan nailiyyətlərin əsasında milli həmrəylik, dövlətçilik prinsiplərinə sadiqlik və müasir inkişaf strategiyası dayanır. Qarşıda bizi daha böyük məqsədlər, geniş perspektivlər gözləyir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin möhtəşəm siyasəti nəticəsində Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini