Ölkəmizin Fransadakı səfirliyi Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb.
AZƏRTAC məlumatı təqdim edir: “Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək, Fransa vasitəsilə Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olurlar.
Qeyd edilir ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacağa yerləşdirilib.
Fransa polisinin bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.
Azərbaycanın Parisdəki səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik və Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.
Məsələ səfirliyin nəzarətindədir”.