
24 ölkənin xarici işlər nazirləri və 3 Aİ komissarı Qəzzada humanitar vəziyyətin kritik həddə çatdığını bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-nin yaydığı bəyanatda deyilib.
“Qəzzada humanitar iztirablar ağlasığmaz həddə çatıb. Aclıq gözümüzün qabağında cərəyan edir. Aclığın yayılmasını dayandırmaq və qarşısını almaq üçün indi təcili tədbirlər görülməlidir”, - bəyanatında deyilir.
Sənədi Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Aİ, İrlandiya, İslandiya, İspaniya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiya xarici işlər nazirləri, həmçinin Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Šuica və Böhranlara Hazırlıq və Cavab üzrə Avropa Komissarı Aja Labib imzalayıblar.
Müraciət müəllifləri bildiriblər ki, daha sərt tələblər səbəbindən bir çox beynəlxalq qeyri-hökumət təşkilatları çox yaxın gələcəkdə işğal olunmuş Fələstin ərazilərini tərk etməli olacaq və bu, böhranı daha da pisləşdirəcək.
“Biz İsrail hökumətini beynəlxalq QHT-lərin bütün humanitar yüklərinə icazə verməyə və əsas humanitar agentliklərin işinə mane olan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”, - bəyanatda deyilir.