AZ

ABŞ təzyiq etsə, İrəvan sülhü yubada bilməyəcək Toğrul İsmayıl

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“Azərbaycan isə indiki mərhələdə beş istiqamətə ciddi diqqət etməlidir”

Birincisi, icra mexanizmlərini hüquqi cəhətdən bərkitmək lazımdır

İkincisi, çoxşaxəli diplomatiya aparılmalı, Rusiya və İranla açıq gərginliyi minimuma endirməliyik

Prezident İlham Əliyevin ABŞ-yə rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və qarşılıqlı etimad mühitində keçirilən görüşlər regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya layihələri və sülh gündəliyinin irəlilədilməsi istiqamətində konkret addımların atılmasına zəmin yaradıb. 

Bu səfər həmçinin beynəlxalq müstəvidə dialoqun dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayıb. Qeyd edək ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma memorandumu çox ciddi məsələdir. ABŞ hər dövlətlə, xüsusi ilə ərazisi və əhalisi Azərbaycan kimi o qədər də böyük olmayan dövlətlərlə belə strateji tərəfdaşlıqlar yaratmır. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir. Vaşinqton görüşü və nəticələri ilə bağlı "Şərq"in müsahibi Ankara Universitetinin professoru Toğrul İsmayıldır. 

 - Torğul müəllim, ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq məsələsini necə dəyərləndirisiniz? Bu, Azərbaycan üçün nə anlam ifadə edir? 

 - ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq sadəcə dostluq bəyanatı deyil, konkret siyasi, iqtisadi və təhlükəsizlik çərçivəsi olan uzunmüddətli əməkdaşlıq modelidir. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq - kəşfiyyat məlumatı mübadiləsi, hərbi təlimlər, texnologiya dəstəyi, enerji və nəqliyyat dəhlizlərində ABŞ dəstəyinin artması, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin güclənməsi və elm, texnologiya və təhsil sahələrində geniş əməkdaşlıq deməkdir. Bu tip tərəfdaşlıq Azərbaycanın regional təsir imkanlarını artırır və Qərb blokunda etibarlı tərəfdaş imici yaradır. 

 - Vaşinqton görüşündə sülh sazişi də "paraflandı". Bunu mühüm irəliləyiş saymaq olarmı?

 - Paraflanma tərəflərin sülh mətnini prinsipial olaraq qəbul etməsi, amma hüquqi imzalanma və ratifikasiya mərhələsinin hələ qarşıda olması deməkdir. Bu, "razıyıq, amma tam rəsmi elan hələ deyil" kimi başa düşülməlidir. Yəni prosesin ən kritik mərhələsi bitib, amma hələ icra hissəsi var.

- Yəni sülh prosesinin artıq "son addım"ı olduğunu söyləyə bilərik?

- Yox, hələ ehtiyatlı olmaq lazımdır. Paraflanma mühüm mərhələdir, amma sərhəd delimitasiyası və demarkasiyası bitməlidir. İtkin və əsir məsələləri həll olunmalıdır. Daxili ictimai dəstək təmin olunmalıdır. Xarici aktorların reaksiyası idarə edilməlidir. Bunlar başa çatmadan “son addım” demək tezdir.

 - “Tramp yolu” adlanan Zəngəzur dəhlizi qısa zamanda razılaşmaya necə düşə bildi?

 - Bu dəhliz Azərbaycan üçün Naxçıvana və oradan Türkiyəyə birbaşa quru bağlantısı deməkdir. ABŞ-nin vasitəçiliyi ilə bu marşrutun açılması həm iqtisadi, həm də geosiyasi baxımdan böyük nəticələr verir. Adının "Tramp yolu" kimi təqdim edilməsi isə açıq siyasi mesajdır. ABŞ bu layihəni öz diplomatik uğuru kimi göstərir. Gələcəkdə regiondakı mövqeyini bu layihə üzərindən gücləndirmək niyyətindədir. 

 - Bu dəhlizin açılması regiona nə gətirər?

 - Zəngəzur dəhlizinin açılması bir neçə strateji dəyişiklik deməkdir. Bununla Azərbaycan və Türkiyə arasında fasiləsiz quru yol açılacaq. Mərkəzi Asiya-Avropa ticarət marşrutunun qısalması mümkün olacaq. Həmçinin, Ermənistanın regional iqtisadiyyata inteqrasiyası, ABŞ-nin Cənubi Qafqazdakı təsirinin artması, Rusiyanın isə azalması müşahidə olunacaq. Bütün bunlar həm yeni imkanlar, həm də bəzi aktorlar üçün risklər yaradır. "Tramp yolu" sadəcə asfalt və relslər deyil, regionun geopolitik xəritəsini dəyişdirəcək bir arteriyadır. Amma bu yolun açılması üçün hələ diplomatik, hüquqi və təhlükəsizlik körpülərini keçmək lazımdır.

 - Rusiyanın və İranın narazı reaksiyasını necə şərh edərdiniz?

 - Rusiya təsir dairəsinin daraldığını görür, ona görə də alternativ regional təşəbbüsləri önə çıxarmağa çalışır. İran isə xüsusilə dəhlizin açılmasından narahatdır, çünki bu, onun şimal-cənub tranzitindəki monopol mövqeyinə zərbə vurur. Hər iki ölkə diplomatik və iqtisadi manevrlərlə prosesi ləngitmək istəyə bilər. 

 - Bəs Paşinyan hökuməti seçkiyə qədər öhdəlikləri yubada bilərmi?

 - Təbii, bu, mümkündür. Ermənistanda daxili siyasi təzyiqlər güclüdür. Paşinyan sülh sazişinin imzalanmasını seçki kampaniyasında lehinə istifadə etmək üçün vaxtı idarə edə bilər. Amma ABŞ-nin güclü təzyiqi olarsa və sənəddə müəyyən icra tarixləri varsa, yubatmaq çətinləşər. 

 - Azərbaycan indiki mərhələdə hansı addımları atmalıdır?

 - Hazırki mərhələdə beş istiqamət önə çıxır. Birincisi, icra mexanizmlərini hüquqi cəhətdən bərkitmək lazımdır. İkincisi, çoxşaxəli diplomatiya aparılmalı, Rusiya və İranla açıq gərginliyi minimuma endirməliyik. Üçüncüsü, daxili ictimaiyyətə layihənin faydalarını izah etmək lazımdır. Dördüncüsü, investisiya və maliyyə zəmanətlərini təmin etməliyik. Beşincisi isə təhlükəsizlik risklərinə qarşı alternativ planlar hazırlamaq lazımdır. Ümumən, Vaşinqton görüşü sülh üçün real bir pəncərə açdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
sherg.az

2Mənbələr