AZ

Azərbaycan beynəlxalq arenada mövqeyini gücləndirir - ŞƏRH

Vaşinqton səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıcıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə rəsmi səfəri iki ölkə arasında əlaqələrin və strateji əməkdaşlığın möhkəmlənməsinin göstəricisidir.
Səfər çərçivəsində əldə olunan strateji razılaşmalar, xüsusilə “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə və genişlənəcəyinə işarədir.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı regional enerji və ticarət əlaqələrindən tutmuş süni intellekt və rəqəmsal infrastruktura, eyni zamanda müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa qədər geniş və müxtəlif istiqamətləri əhatə edir. Bu da gələcəkdə həm regional sabitliyin möhkəmlənməsi, həm də iqtisadi inkişaf üçün güclü təməl yaradır. Həmçinin, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulan uğurlu dialoq nəticəsində ABŞ tərəfindən “Azadlığı Müdafiə Aktı”na daxil edilmiş 907 saylı düzəlişin icrasının dayandırılması Azərbaycanın beynəlxalq münasibətlərdə mövqeyinin güclənməsinə və qarşılıqlı etimadın artırılmasına mühüm töhfə verib. Bu səfər həm Azərbaycanın xarici siyasətində yeni bir mərhələ, həm də ABŞ ilə strateji əməkdaşlıqda irəliləyişin göstəricisidir. 

ReAL Partiyasının sədri Natiq Cəfərli “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfəri və bu səfər zamanı imzalanan strateji tərəfdaşlıq memorandumu Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu addım yalnız ikitərəfli əlaqələrin dərinləşməsi üçün deyil, eyni zamanda regionun gələcəyi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından da önəmlidir: 

“Xüsusən də 907 saylı düzəlişin icrasının dayandırılması Azərbaycan-ABŞ münasibətlərində qarşıya çıxan süni və hüquqi maneələrin aradan qalxması deməkdir. ABŞ-nin bəzi şirkətləri məhz 907-ci düzəlişlə əlaqədar müəyyən hüquqi maneələrlə rastlaşdıqlarına görə Azərbaycanla əməkdaşlıq etmirdilər. Bu düzəlişin aradan qalxması bütün hüquqi və süni əngəllərin aradan qalxması ilə nəticələnəcək.  Bu, təkcə münasibətlərin normallaşması deyil, həm də ABŞ şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunun önünün açılması, eləcə də iqtisadi əlaqələrin genişlənməsi üçün çox vacib addımdır. Məhz bu səbəbdən, SOCAR və “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması həm rəmzi, həm də praktik baxımdan böyük əhəmiyyət kəsb edir. Bu sənəd, enerji sahəsində genişmiqyaslı əməkdaşlığın başlanğıcı olmaqla yanaşı, Azərbaycanın enerji bazarındakı nüfuzunu daha da möhkəmləndirir. Enerji, tranzit, rəqəmsal texnologiya və təhlükəsizlik sahələrində nəzərdə tutulan əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini xeyli gücləndirəcək. Fikrimcə, İlham Əliyevin Vaşinqton səfəri son illərin ən önəmli səfərlərindən biridir. İmzalanan sənədlər də o cümlədən...”

N.Cəfərli həmçinin qeyd edib ki, səfərin önəmi təkcə iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır. Ermənistanla münasibətlərin tənzimlənməsi, Zəngəzur dəhlizinin açılması, regional kommunikasiya xətlərinin yenidən qurulması Azərbaycanın tranzit potensialını artıracaq, bölgədə sülh və sabitliyi möhkəmləndirəcək. Bu isə region ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

Seçilən
20
50
sherg.az

10Mənbələr