AZ

Qarabağda meşə yanğınları: Kimlər törədir, səbəb nədir? - "Meşə fondumuz onsuz da azdır"

BAKI, 12 avqust. TELEQRAF

Son zamanlar Azərbaycanda havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların sayı artıb. Yanğın işğaldan azad olunan ərazilərdə daha çox müşahidə olunur. Artıq ehtiyatsızlıqdan törədilən yanğınlarla əlaqədar saxlanılan şəxslər var.

Yanğınların qarşısını almaq üçün hansı tədbirlər görülür, ziyan dəymiş ərazilərin bərpası üçün kimi addımlar atılır? Meşə yanğınına səbəb olan şəxslərə tətbiq olunan cəzalar kifayətdirmi?

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, yay mövsümü ilə əlaqədar açıq sahələrdə yanğın hadisələrinin baş verməsində intensivlik müşahidə olunur.

Qeyd edilib ki, bu növ hadisələrin qarşısının alınması məqsədilə FHN tərəfindən əhali arasında kütləvi maarifləndirmə işləri, yanğına qarşı tələbləri özündə əks etdirən çoxsaylı çağırışlar olunur:

“Təəssüflə qeyd edilməlidir ki, sözügedən qrupa aid olan yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, qəsdən yandırma, siqaret çəkilməsi zamanı ətrafdakı yanğın təhlükəsizliyi vəziyyətinin düzgün qiymətləndirilməməsi, o cümlədən ərazilərdə iməcilik adı altında tullantıların yandırılması, məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması, texniki cəhətdən nasaz avtomobillərlə açıq sahələrə daxil olunması səbəblərindən baş verib”.

FHN bir daha vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb.

“Yanğın əleyhinə yeni qoruyucu mineral zolaqlar çəkilib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Teleqraf-a bildirib ki, respublikanın meşə fondu ərazilərində yanğınların başvermə riskinin minimuma endirilməsi məqsədilə Meşələrin İnkişafı Xidməti tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Meşə fondu ərazilərində nəzarət postları, müşahidə qüllələri və könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərir.

O qeyd edib ki, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bu ilin ötən dövrü ərzində Gəncə, Şəki, Ağdam, Lənkəran, İmişli və Quba rayonlarında regional müşavirələr keçirilib, həmçinin, meşə örtüyü olan regionlarda Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə birgə praktiki və maarifləndirici təlimlər təşkil olunub.

R.Əşrəfov onu da əlavə edib ki, yanğın əleyhinə yeni qoruyucu mineral zolaqlar çəkilib, mövcud zolaqlar bərpa olunub: “Vətəndaşlarımıza çağırış edirik ki, təbiət qoynunda olarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər, odla ehtiyatlı davransınlar”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, meşə yanğınları adətən antropogen təsirlər, insan məsuliyyətsizliyi ucbatından baş verir:

“Bəzi hallarda meşə yanğınları təbii fəlakətlərdən - zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsində törənir. Meşə yanğınları daha çox piknik mövsümündə müşahidə olunur. İnsanlar istirahət üçün meşələrə, istirahət məkanlarına, çay hövzələrinə üz tutur, çay dəmləmək, xörək hazırlamaq, kabab bişirmək üçün ocaq qalayırlar. Meşədə, çay hövzəsində istirahət etmək hər kəsin təbii haqqıdır, amma onun qədrini bilirikmi? Onsuz da Azərbaycanda meşə fondu azdır.

Dəfələrlə xəbərdarlıq edilib ki, meşələrə şüşə qırıntıları atmayın. Bəzən yüksək temperatur zamanı şüşə qırıntılarında əks olunan günəş şüaları yanğına səbəb olur. Piknik ərazisini tərk edərkən qalanmış ocaq söndürülməlidir. Avtomobillərin tüstü borusundan çıxan qığılcım da meşə yanğınlarına səbəb ola bilər. Yeri gəlmişkən, bu ilin qış aylarında ABŞ-də meydana gələn və yüz hektarlarla meşə sahəsinin məhv olması ilə nəticələnən meşə yanğını avtomobillərdən çıxan qığılcımdan törənmişdi”.

E.Cəfərli vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda baş verən meşə yanğınları məsuliyyətsizliyə görə törənir: “Burada qlobal iqlim dəyişikliyinin fəsadlarını da unutmaq olmaz. Nəzərə alaq ki, son 3 ayda bölgədə güclü yağıntı qeydə alınmayıb. Yağıntının normadan az düşməsi meşələrdə rütubəti azaldır. Nəmişliyin azlığı, xırda quru budaqların, otların çoxalması da yanğın təhlükəsini artıran faktordur. Bu cür mühitdə adi bir qığılcım böyük yanğının baş verməsinə gətirib çıxarır.

Sözügedən bölgədə yanğın hadisələrinin artması mina partlayışı ilə də bağlı ola bilər. Bilirsiniz ki, ərazilərin böyük hissəsində ermənilər tərəfindən sayı milyonu keçən mina və partlamamış hərbi sursatlar basdırılıb. Üstəlik ərazidə ermənilərdən “miras qalan” məişət tullantıları var. Onların arasında çoxlu şüşə qırıntılarına rast gəlinir. Meşə yanğınları ildırım çaxmasından da yarana bilər. Hər şeyi əraziyə səfər gedən insanların üzərinə atmaq olmaz”.

Ekspert əkin sahələrinin biçindən sonra yandırılmasının yanlışlığına da diqqət çəkib: “Belə güman edilir ki, yanmış sahə gələn il daha bərəkətli olur. Bu, səhv metoddur. Sahəni yandırmaq torpağın münbit qatının sıradan çıxmasına səbəb olur. Eyni zamanda torpaqda olan mikrofauna və mikrofloranın məhv olmasına gətirib çıxarır. Yanğının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Meşələr şose yollarından, əkin sahələrindən xüsusi şumlanmış ərazi ilə ayrılmalıdır”.

Mütəxəssis yanğından zərər görmüş ərazilərin bərpası məsələsinə toxunaraq əlavə edib ki, bununla bağlı xüsusi proqramlar qəbul edilib: “Yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə mövsümə uyğun olaraq ağacəkmə aksiyaları keçirilir, əraziyə uyğun toxumlar səpilir, tinglər əkilir”.

Cəzalar sərtləşdirilməlidir?

Meşə yanğınına səbəb olan şəxslərə tətbiq olunan cəzalara gəlincə, E.Cəfərli qeyd edib ki, cərimələr çəkindirici alətdir və çox zaman effekt verir:

“Amma bu, yol hərəkəti qaydaları deyil ki, cərimələr daha tez nəticə versin. Meşə, çay hövzəsində insanlar istirahətə gedir və belə yerdə vicdanı ilə baş-başa qalır. Kamera yoxdur ki, çəkinsin. Deməli, ictimai şüur yetkin olmalı, insanlar vətəndaş məsuliyyətini dərk etməlidir. Ona görə də geniş maarifləndirmə işlərinə ehtiyac var. Media, vətəndaş cəmiyyəti institutları bu işdə aktiv olmalıdır”.

Seçilən
100
44
teleqraf.com

10Mənbələr