
“Bunu, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da sübut edir. Ümid edirəm ki, yeni yaradılacaq Strateji İşçi Qrup həm regional baxımdan səmərəli olacaq, eyni zamanda beynəlxalq səviyyədə öz töhfəsini verəcək. Ən mühüm məsələlərdən biri 907-ci düzəlişin icrasının dayandırılması idi və bu sənəd də çox mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, Minsk Qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciətin verilməsi və Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması ilə bağlı dəyişikliklərin aparılacağının qeyd olunması mühüm hadisədir. Xüsusilə Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi məsələsi, Donald Trampın Zəngəzur dəhlizinin qarantı rolunda çıxış etməsi ilə bağlı bəyanatı əhəmiyyətlidir”. Millət vəkili qeyd edib ki, iki ölkə xarici işlər nazirlərinin iştirakı ilə təsdiq olunan sənədlərin paraflanması sülh müqaviləsinin imzalanmasında ciddi addımlardan biridir: “2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirildikdən sonra Sülh Sazişinin yekun imzalanması təmin olunacaq. Hesab edirəm ki, Donald Trampın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı tarixi hadisədir. Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda müstəqil daxili və xarici siyasətin olması, hadisələrin belə sonluqla nəticələnməsinə gətirib çıxartdı. Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, suverenliyi, ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı yolunda atdığı addımlar öz bəhrəsini verir”. Vaşinqton görüşü ərəfəsində və ondan sonra əldə olunan nəticələr Şimal qonşumuz Rusiyanı qane etmədi. Arzu Nağıyev bildirib ki, Moskvanın müxtəlif təxribatlara əl atacağı öncədən bəlli idi: “Həmin dövrdə Ukrayna ərazisində bir sıra neft boru kəmərlərinin keçdiyi kompressorların vurulması, digər strateji hədəflərin məhv edilməsi bir daha göstərdi ki, Rusiya bu görüşün əleyhinədir. Moskva Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti qəbul etmir, hətta deyərdim ki, həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarının azalması və hegemonluq siyasətindən əl çəkmək istəməməsi birbaşa bu proseslərlə bağlıdır. Hətta Rusiya informasiya və təbliğat kampaniyasını da gücləndirə bilər. Burada kütləvi informasiya vasitələri və sosial şəbəkə kanalları vasitəsilə Azərbaycanın Türkiyə, NATO və Avropa İttifaqına yaxınlaşması, ordunun müasir standartlara uyğun formalaşdırılması kimi mövzular üzərindən ictimai rəy formalaşdırmağa çalışa bilərlər. Məqsəd isə iqtisadi və siyasi təzyiqlərə zəmin yaratmaqdır. Buna görə də bu tip bəyanatlar əsasən ritorika səviyyəsində qalacaq. Azərbaycanın qarşısında isə bu gün müstəqil siyasət yürüdən, hibrid müharibə aparmaq imkanlarına sahib, güclü xüsusi xidmət orqanlarına və 44 günlük müharibədə dünyaya nümunə olmuş orduya malik bir dövlət var. Prezident İlham Əliyevin məqsədi ölkənin suverenliyini, ərazi bütövlüyünü və hər bir vətəndaşın rifahını təmin etməkdir”. Türkiyə 10 noyabr sazişindən bəri sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli sülh müqaviləsini daim müdafiə edib. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı ön şərt qoymadan bu sülh müqaviləsinin həyata keçirilməsini istəyən Türkiyə, Azərbaycan, Türkiyə və Ermənistan arasında sülhün təminatçısı olmaq niyyətindədir:
