AZ

Bundan sonra avtobus sükanı arxasında onları da görəcəksiniz – VACİB QƏRAR

Ölkədə ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına start verilib. Maraqlıdır, qadın sürücülərin davamlı şəkildə işdə qalması üçün hansı motivasiya mexanizmləri nəzərdə tutulmalıdır?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında bildirib ki, qadınların bu sahəyə cəlb olunması həm sosial, həm də peşəkar baxımdan müsbət addımdır.

Yasin

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatda qadın sürücülərin iştirakı gender bərabərliyinə töhfə verməklə yanaşı, təhlükəsizliyin artırılmasına da xidmət edir:

“Qadınlar ümumiyyətlə avtomobil idarə edərkən daha diqqətli olurlar. Bu baxımdan onların avtobus sürücüsü kimi çalışması məqsədəuyğundur. Hazırda operator şirkətlərin maddi-texniki bazası gücləndiyi üçün sürücü yalnız idarəetmə işi ilə məşğul olur, texniki nasazlıqlar isə müvafiq xidmət tərəfindən aradan qaldırılır. Bu da qadınların iş şəraitini xeyli rahatlaşdırır.”

Yasin Mustafayev qeyd edib ki, qadın sürücülərin davamlı şəkildə işdə qalması üçün motivasiya mexanizmləri tətbiq olunmalıdır:

“Onların bu sahədə fəaliyyətini stimullaşdırmaq üçün maaşların rəqabətqabiliyyətli olması, iş qrafikinin daha rahat tərtib edilməsi və təhlükəsizlik təminatlarının gücləndirilməsi vacibdir. Bundan əlavə, sosial paketlərin genişləndirilməsi də mühüm rol oynaya bilər.”

Ekspert hesab edir ki, yeni təlim proqramları və iş şəraitindəki yeniliklər yaxın gələcəkdə ictimai nəqliyyatda qadın sürücülərin sayının əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
57
29
konkret.az

10Mənbələr