Azərbaycanda milli-mənəvi dəyərlər sisteminə zərbə vurmaqda olan qüvvələr bununla nə qədər səhv etdiklərini anlamaq əvəzinə, "işlərini" davam etdirirlər. Xalqın qədimliyi onun tarixi, milli dəyərləri, adət və ənənələri ilə ölçülür. Bizim çox qədim adət və ənənələrimiz var ki, onlardan da biri hazırda əcaib şəklə salınan yas adətləridir.
Yas adətlərimiz tamamilə təhrif edilib, öz kökündən, mahiyyətindən uzaqlaşdırılmağa sürüklənir. Təbii, burda maraqlı qüvvələr var.
Ekspertlər deyir ki, milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri də yas və dəfn mərasimləri hesab edilir. Lakin bu gün yas və dəfn mərasimləri öz məzmun və mahiyyətini itirib, formasını dəyişib. Bəs qədim tariximizdə bu mərasimlər necə icra olunub?
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda dəfn adətləri çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar ölkəmizdə 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Bu qəbir tipləri sadə torpaq, quyu, təknə, taxta qutu,daş qutu, katakomba, çiy kərpic və küp qəbirlərindən ibarət olub.
Məlum olduğu kimi, VII əsrin ortalarında ərəblərin Azərbaycana hücumu və Azərbaycanın ərəb xilafətinin təsiri altına düşməsi burada islam dininin möhkəmlənməsinə səbəb olub. Azərbaycanda islamla bağlı adət-ənənələr, eləcə də dəfn adətləri meydana gəlib. Yas və dəfn mərasimi müsəlman mərasimləri arasında ən arxaik, bununla yanaşı islamdan əvvəlki bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasim hesab edilir.
Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub. Ölü düşən evdə qadınlar üzlərini cırır, dizlərini və sinələrini yumruqla döyərək uca səslə qışqırırdılar. Cavan qadınlar və qızlar saçlarını dağıdaraq ölünün üstünə yolub tökürdülər. Gur səsli bir qadın ucadan "şaxsey-vaxsey" qışqırır, bununla damərasimi ələ alır, yerdə qalan qadınlar isə ona səs verirdilər. Mərhumu qəbiristanlığa aparanadək bu ayin icra olunur, arada isə ağılar söylənilirdi. Qadınlar bir-birinin ardınca ağılar deyir və dizlərini döyürdülər. Mərhumu qəbiristanlığa apararkən də qadınlar cənazənin qarşısında gedir, "şaxsey-vaxsey" ayini qəbiristanlığa qədər davam edirdi. Mərhum qəbirə qoyulduqdan sonra da bir müddət "şaxsey-vaxsey" deyilirdi.
Bu ayin qədim tarixə malikdir. Bunu "Kitabi-Dədə Qorqud" dastanında da izləmək mümkündür. Dastanın "Salur Qazanın evinin yağmalanması boyu"nda bu ayin belə təsvir edilib: "Burla xatun boynilə qulağın aldı, düşdi. Güz alması kibi al yanağını tutdu, yırtdı. Qarğu kibi qara saçını yoldı. "Oğul!", "Oğul!" deyübən zarılıq qıldı, ağladı". Buradan göründüyü kimi, Burla xatun oğlunun öldürüləcəyini eşidəndə üzünü cıraraq, saçlarını yolur.
Folklorşünas B.Abdullabu ayini "şivən"- yas mərasiminin ilkin ayini hesab edərək yazır: "Şivən əsasən, ölüm baş verdiyi andan ölünün dəfn üçün evdən çıxarıldığı vaxtacan davam edir. Ölən üçün təsiredici, yanıqlı sözlər, oxşamalarla hönkür-hönkür ağlamaq, üz cırmaq, saç yolmaq kimi xüsusiyyətlər şivənin əsas əlamətlərindəndir".
"Şaxsey-vaxsey" - şivən ayini aşağıdakı kimi icra olunurdu: qadınlardın bir nəfər 3 dəfə gur səslə: "Şaxsey-vaxsey" - deyərək qışqırır, yerdəkilər isə eyni sözlərlə ona cavab verirdilər. Sonra həmin qadın: "Ya, Əli!" Yerdəkilər: "Mədət!" Həmin qadın: "İmam!" Yerdəkilər: "Şəhid!" Həmin qadın: "Yaralı!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Susuz!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Həsən!" Yerdəkilər: "Hüseyn!"
Sonra səs tonu bir az alçaldılır, ağı şəklində belə bayatılar söylənilirdi.
Bu, keçmişə qısa səyahət idi, göründüyü kimi burda ehsan anlayışı yoxdur, yas tutmaq ənənəsi var. Bu ehsan məsələsi yas mərasimlərinə sonradan yamaq olunub. Çünki belə olmasaydı, bu barədə əski mənbələrdə ən azından işarələr olardı.
Yas mərasimini əcaib formaya salanlar...
Bugünkü yas mərasimlərimizi əcaib formaya salanların başlıcası mollalar, bəzi dini təhrif edən işbazlar olduğu məlumdur. O da məlumdur ki, bu gün saysız mərasim evləri, məscidlərə bağlı zallar, QMİ-nin Təzə Pir məscidi və sair məhz ehsan məclislərinin keçirildiyi məkanlardır. Məlumdur ki, yas mərasimlərində aşırı ehsan verilməsi ənənəsi də son illərin meydana çıxan yanlış təzahürlərindəndir.
Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, mövcud yas məclislərində müsbət tərəflər də var, mənfi tərəflər də:"Müsbət odur ki, vəfat edən adamın yaxınları, qohumları, qonşuları toplaşır, ölü sahibinə mənəvi dəstək olur, təsəlli verir, dəfn zamanı məzarlığa qədər müşaiyət edir. Çünki bəzi Qərb ölkələrində belə ənənələr yoxdur. Hətta elə yerlər var ki, ölünü bir neçə ailə üzvündən və yalnız xüsusi dəfn bürosu işçilərindən başqa müşayiət edən, dəfnə aparan olmur. Yəni sosial, mənəvi bağlar zəifdir. Amma xalqımızın yüksək hissiyyatı, qohumluq bağlarına sadiqliyi hər zaman özünü göstərir və dar gündə həmişə toplaşıb dərdə, qəmə düçar olanın yanında durur. Fəqət mənfi yönlər isə odur ki, bu toplanışları təsəlli, təskinlik, mənəvi dayaq tərəfindən yayındırıb qonaqlıq, yemək süfrələri, israfçılıq, yas sahibinə yük olmaq kimi xoşagəlməz hallarla təhrif ediblər. Yas sahibinə ərzaq, yemək, maddi dəstək aparmaqdansa gedib daha da ona yük olurlar. Əslində isə dəfələrlə demişik ki, yas evində yemək bişməz, əksinə, onlara yemək aparılar. Çoxu da borca, kreditə düşür ki, gələnlərə yemək verməsəm qınağa tuş gələcəm. Şükür Allaha ki, artıq dövlətin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirməsi və ziyalıların, ağsaqqalların tövsiyəsi ilə təmtəraqlı, dəbdəbəli yas mərasimləri ləğv edilir. Yüngül qəlyanaltı ilə kifayətlənmək lazımdır. Artıq heç nəyə ehtiyac yoxdur. Dəftər qoyub borc siyahı yazmağa da ehtiyac yoxdur. Bir qapalı qab olmalıdır. Gələnlərdən imkanı olan, gücü çatan ora yardım atmalıdır. Başqası da bilməməlidir ki, o nə qədər dəstək verdi. Yas sahibinin boynuna da minnət düşməz. Amma dəftər o deməkdir ki, yasa gəlib yeyənlər yediyinin qiymətini, dəyərini yazdırır. Yaxud yas sahibinə borc verir ki, sən də mənim yasımda gəlib qaytararsan. Bu heç bir müsəlman ölkəsində yoxdur".
"Mütləq dövlət qanun qəbul etməlidir"
Bunun Sovet vaxtı dəbə düşdüyünü deyən T.İrfan qeyd etdi ki, əvvəllər belə şeylər olmayıb. İlahiyyatçının sözlərinə görə, sini, yaxud sandıqca qoyublar qapının ağzına, başsağlığına gələnlər çıxanda oraya müəyyən məbləğdə dəstək məqsədilə pul atıblar:"Yaxud insanlar ərzaq, qənd, çay, düyü aparıblar.
Məzar daşları da sadə və standart olub. Əski qəbiristanlıqlarda görürük ki, adi, sadə və şəkilsiz daşlar qoyulub. Eyni ölçüdə və eyni formada. Sonradan insanlar şöhrətə uyub məzarlıqda da bəhsə giriblər, bahalı daşlar qoymağa başlayıblar. Dinimizə görə ümumiyyətlə hündür baş daşları qoymaq olmaz. Hətta qoyulsa belə, şəkil, təmtəraq olmaz. Daş sadəcə nişangah üçündür. Heç bütpərəstlər belə bizdəki kimi böyük daşlar qoymur. Hazırda nə israfçı ehsan məclisləri, nə də bahalı qəbir daşları xalqımızın qədim adətlərinə uyğundur. Əvvəllər heç biri olmayıb. Təbliğat, təşviqat, maarifləndirmə yolu ilə bunların qarşısı alınmasa mütləq dövlət qanun qəbul etməlidir. Qəbir daşları standart olmalıdır, özü də məcburi. Yas yerində də ehsan adı ilə qonaqlıq təşkil etmək rəsmən qadağan olunmalıdır. Ona görə ki, bu əməllərə dinimizə və milli adətlərimizə, mənəvi dəyərlərimizə tamamilə ziddir. İnsanların əziyyətə, borca düşməsinə səbəb olur. Əlavə sosial problemlərinin yaranmasına gətirib çıxarır".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.