Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti dəfə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatlar rəhbərləri iştirak ediblər.
Qəbulda vətəndaşlar tərəfindən işlə təminat, maddi yardım, su xəttinin yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə təşkil olunan belə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə davam etdirilir.







