Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən qadının vəkili müvəkkilinin himayəsində azyaşlı övladının olmasını və səhhəti ilə bağlı müəyyən problemləri əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib. Məhkəmə bu vəsatəti təmin etməyib.
Zərərçəkən Xalid Kərimovun vəkili isə öz növbəsində prosesdə müəyyən vəzifəli şəxslərlə bağlı faktların təqdim oluna biləcəyini əsas gətirərək iclasların qapalı keçirilməsini xahiş edib və buna görə vəsatət təqdim edib.
O, həmçinin cinayət işinin ibtidai istintaq zamanı yanlışlıqlara yol verildiyi və bununla bağlı zərərçəkənin müvafiq qurumlara müraciət ünvanladığını bildirməklə yanaşı, növbəti proseslərdə məhkəməyə yeni faktlar təqdim edəcəyini deyib.
Vəkilin digər vəsatəti isə zərərərçəkənin onkoloji xəstəliyi ilə bağlı ölkə xaricində müalicə olunduğu üçün iclasa videokonfrans vasitəsiylə qoşula biləcəyinə dair olub. Məhkəmə iclasların qapalı keçirilməsi məsələsini təmin etməsə də zərərçəkənin prosesə videokonfransla qoşula biləcəyini barədə vəsatəti təmin edib.