AZ

Ermənistanda konstitusiya dəyişikliyinə qarşı Azərbaycanda tarix dərsliyinin dəyişdirilməsi - absurd ideya...


Ermənistan tərəfinin bu cür absurd məsələləri ictimai qaydada qabartmasının əsas hədəfi sülh müqaviləsini gecikdirməkdir

Vaşinqtonda baş verən hadisələrdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasına düzəlişlər etmək tələbindən növbəti dəfə danışdı. Bu gün (13 avqust-red.) həmin tezisi Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyov “NE Global” nəşrinə müsahibəsində təkrarlayıb.

Bunu öz Facebook səhifəsində erməni mediasının "azərbaycanlı ekspert" kimi təqdim etdiyi erməni əsilli Tatevik Ayrapetyan yazıb.

Elçin Əmirbəyov müsahibəsində xüsusilə qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan Konstitusiyasına dəyişiklikləri gözləyir.

Ayrapetyan yazır ki, indi bir sualım var: biz ümumtəhsil məktəbləri üçün Azərbaycan dərsliklərinə dəyişiklik tələb edə bilərikmi? Məsələn, 5-ci sinif dərsliyində belə yazılıb: "Ermənistan SSR tarixi Azərbaycan torpaqlarının qərb hissəsində yaradılmışdır. Sonralar Moskva rəhbərliyi Azərbaycan SSR-ə məxsus torpaqların bir hissəsini, o cümlədən Şərur-Dərələyəz və Qərbi Zəngəzuru Ermənistan SSR-ə verdi. Nəticədə Azərbaycan Naxçıvandan ayrıldı. Ata-baba yurdlarından zorla qovulan soydaşlarımız sonradan “Qərbi Azərbaycan” icmasını yaratdılar. Bu icma Qərbi Azərbaycanda tarixi irsimizin qorunub saxlanmasını, köçkün əhalinin hüquqlarını beynəlxalq təşkilatlarda müdafiə edir. Onlar öz vətənlərinə qayıtmaq üçün mübarizəni davam etdirirlər".

Bu, Azərbaycanda bütöv bir nəslin yetişdirildiyi Ermənistan Respublikasına qarşı dövlət təbliğat proqramı deyilsə, nədir? Yeri gəlmişkən qeyd edim ki, 2020-ci ildən dərsliklər dəyişdirilib, bununla bağlı mən bir daha öz araşdırmalarımı paylaşacağam", - Tatevik Ayrapetyan yazıb. Bu nə dərəcədə real bir tələb ola bilər? Biz hətta nəsillərin belə unutmadıği tarixi Ermənistana görə təhrif etməliyik? Ermənistanın yaranma tarixinin şahidi olan elə insanlar var ki, hələ dünyasını dəyişməyib. Biz Ermənistanın xoşuna gəlsin deyə tariximizi təhrif etməliyikmi? Bütün dünyaya bəllidir ki, Ermənistan adlı dövlət Cənubi Qafqazda 29 may 1918-ci ildə Rusiyanın təsəbbüsü ilə yaradılıb. Bu tarixə qədər sözügedən regionda erməni dövləti olmayıb. Ermənilərin Cənubi Qafqaza köçu isə 1828-ci ildə İranla Rusiya arasında bağlanan Türkmənçay sülh müqaviləsindən sonra başlayıb. Bunu bildiyimiz halda yazaq ki, Cənubi Qafqazada meymunlardan sonra ilk aborigenlər ermənilər olub?!

Tatevik Ayrapetyanın irəli sürdüyü fikir siyasi və ideoloji kontekstdə baxıldıqda, iki əsas məsələni əhatə edir. Birincisi, Azərbaycan tərəfinin Ermənistandan konstitusiya dəyişikliyi tələbi - bu, Ermənistanın hazırkı Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə zidd məqamların qalması ilə bağlıdır. Burada söhbət, əsasən, “Dağlıq Qarabağ”la bağlı keçmiş iddiaların hüquqi sənədlərdən hələ də çıxarılmamasından gedir.

İkincisi, Ermənistan tərəfinin simmetrik tələb səsləndirməsi - Ayrapetyan deyir ki, əgər Bakı İrəvandan konstitusiya dəyişiklikləri tələb edirsə, Ermənistan da Azərbaycandan dərsliklərdəki bəzi ifadələrin dəyişdirilməsini tələb edə bilər. Onun gətirdiyi misalda Azərbaycan tarix dərsliklərində Ermənistanın yaranması, ərazi məsələləri və Qərbi Azərbaycan mövzusu şagirdlərə indiki formada, real həqiqət olaraq təqdim edilir.

Beynəlxalq təcrübədə ölkələr bəzən qarşılıqlı olaraq tədris materiallarına müdaxilə məsələsini müzakirə edirlər, amma bu, adətən diplomatik dialoqun çox sonrakı mərhələsində - münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra baş verir.

Ermənistanın bu cür tələb irəli sürməsi hüquqi baxımdan reallaşa bilsə də, Azərbaycanın bunu qəbul etməsi ehtimalı sıfıra bərabərdir. Çünki dərsliklərdəki mövqelər ölkənin rəsmi tarix hekayəsi və milli yaddaş siyasəti ilə bağlıdır.

Azərbaycan cəmiyyətində Qərbi Azərbaycan anlayışı tarixi yaddaşın mühüm hissəsidir və bunu dərsliklərdən çıxarmaq təkcə faktoloji dəyişiklik deyil, həm də siyasi mövqedən imtina kimi qəbul olunar.

Azərbaycanda həmin mətnlərdəki iddialar “təhrif” deyil, Azərbaycanın real tarixidir. Ermənistanda isə bunun “dövlət təbliğatı” kimi qəbul olunması təbiidir. Çünki onların rəsmi tarix versiyası tam fərqli və saxtadır.

Tarix elmi baxımından, XX əsrin əvvəllərində sərhəd dəyişiklikləri, əhali köçürmələri və inzibati qərarlar müxtəlif mənbələrdə fərqli izah olunur. Bu səbəbdən dərsliklərdəki bizim tarixi həqiqətlərimizi ermənilər “təhrif” kimi qəbul edərək, qaranlıq otaqda olmayan "qara pişik" axtarır.

Digər tərəfdən, adətən bu tip “dərsliklərin dəyişdirilməsi” tələbləri sülh prosesinin başlanğıcında müzakirə olunmur, çünki bu, emosional və milli kimliklə bağlı həssas məsələdir. Əksinə, belə mövzular ilk mərhələdə müzakirəyə çıxarılarsa, sülh danışıqlarını çətinləşdirə, prosesi gecikdirə bilər. Bəlkə də Ermənistan tərəfinin bu cür absurd məsələləri ictimai qaydada qabartmasının əsas hədəfi sülh müqaviləsini gecikdirməkdir.

Akif NƏSİRLİ

Seçilən
12
baki-xeber.com

1Mənbələr