AZ

Paşinyan Qazaxıstanda bir neçə mühüm saziş imzalayacaq - Zəngəzur dəhlizi imkan açır...


Astana Bakı və İrəvan sülh bəyannaməsi imzalandıqdan sonra Ermənistanın baş nazirinin səfərinə hazırlaşır. Prezident Qasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasındakı tarixi razılaşmanı həm regional əməkdaşlığı, həm də Ermənistanla ikitərəfli əlaqələri aktivləşdirmək üçün fürsət kimi qiymətləndirir.

Qazaxıstan rəhbərinin sözlərinə görə, ölkə gələcək danışıqlar üçün platforma olmağa və intensiv iqtisadi əməkdaşlığı təşviq etməyə hazırdır ki, bu da Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı səfərini regional sabitlik və iqtisadi artım üçün əlamətdar hadisəyə çevirir.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Akordanın (Qazaxıstan prezidentinin administrasiyası) mətbuat xidməti məlumat yayıb. Həmin məlumatda qeyd edilir: “Qazaxıstan prezidenti Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında Bəyannamənin imzalanması münasibətilə Ermənistan hökumətinin başçısını hərarətlə təbrik edib”. Akorda hesab edir ki, bu sənəd tarixi əhəmiyyət kəsb edir və onun imzalanması digər məqamlarla yanaşı, Nikol Paşinyanın güclü siyasi iradəyə və öz dövlətinin milli maraqlarına strateji baxışa malik siyasətçi kimi görkəmli keyfiyyətləri sayəsində mümkün olub: “Bəyannamə Cənubi Qafqazda genişmiqyaslı beynəlxalq əməkdaşlığa və Qazaxıstan və Ermənistan arasında daha intensiv iqtisadi və investisiya qarşılıqlı fəaliyyətə yol açır”. Nikol Paşinyan isə öz növbəsində Qazaxıstanın Ermənistan və Azərbaycanı barışdırmaq üzrə fəaliyyətini müsbət qiymətləndirib. O, qarşılıqlı əməkdaşlıq haqqında yeni sazişlərin imzalanması üçün bu il Qazaxıstana səfər etməyə hazır olduğunu təsdiqləyib. Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, Qazaxıstan öz dialoq platformasını təklif etməklə, münaqişədən sonrakı dövrdə stabilləşdirici rol oynaya bilər: “Qazaxıstanın diplomatik vasitəçilik təcrübəsi var, bu təcrübə artıq sınaqdan keçirilib, məsələn, Suriya üzrə Astana formatında”. Erməni politoloq Armen Xanbabyan isə qeyd edir: “Vaşinqtonda gələcək Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin paraflanmasından sonra beynəlxalq biznesin Ermənistana marağı artmağa başlayır. Bu, başa düşüləndir. Uzun illər Azərbaycan və Türkiyə tərəfindən blokadada olan ölkə 30 ildən artıqdır ki, bütün ciddi beynəlxalq iqtisadi layihələrdən, regional və qlobal logistika zəncirlərindən faktiki olaraq kənarda qalıb”. Onun sözlərinə görə, Vaşinqton razılaşmasının bağlanması ilə vəziyyət dəyişib. Tokayevin bəyannamənin Cənubi Qafqazda genişmiqyaslı beynəlxalq əməkdaşlıq üçün imkanlar açması və Ermənistanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyətin genişlənməsinə və intensivləşməsinə töhfə verəcəyinə dair sözləri bu faktın əyani təsdiqidir: “Həqiqətən də, prezident Trampın lobbiçiliyini etdiyi və Azərbaycanı onun eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək marşrut işə başlayanda Qazaxıstan və Ermənistan qarşılıqlı faydalı iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirə bilərlər, çünki əvvəllər keçilməz olan logistik maneələr aradan qalxacaq. İndiyə qədər istənilən yük Ermənistandan Qazaxıstana hava yolu və ya əksinə, və ya dəmir yolu ilə yalnız Ermənistandan Gürcüstana və ya əksinə gedə bilərdi. Sülh bağlandıqdan və Zəngızur dəhlizi (“Tramp marşrutu”) yarandıqdan sonra hər iki istiqamətdə qatarlar Azərbaycandan keçə biləcək ki, bu da yüklərin çatdırılma müddətini xeyli azaldacaq”.

Maraqlıdır ki, sülh bəyannaməsinin imzalanması ərəfəsində İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla Qazaxıstanın səfiri Bolot İmanbayev arasında danışıqlar aparılıb. Həmsöhbətlər nəqliyyat və enerji sektorları ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılmasının zəruriliyi qeyd edilib.

Bununla belə, ölkələr arasında ticarət keçən ildən, oktyabrda Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səfəri zamanı, Qazaxıstan-Ermənistan biznes-forumunun keçirildiyi vaxtdan daha da sürətlənməyə başlayıb. Tədbirdə iki ölkənin işgüzar dairələrinin 150-dən çox nümayəndəsi, dövlət orqanlarının, milli şirkətlərin, sənaye və regional biznes assosiasiyalarının rəhbərləri iştirak ediblər. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sözlərinə görə, forum əməkdaşlığın yeni sahələrinin inkişafı, qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradıb, həmçinin iki ölkənin ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu təsdiqləyib. O, iki ölkənin qarşılıqlı ticarət dövriyyəsinin 2024-cü ilin oktyabr ayınadək 2,4 dəfə artaraq 2023-cü ilin sonuna 53,1 milyon dollar təşkil etdiyini vurğulayıb. Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakəliyev forumu tarixi adlandıraraq, yeni imkanlar barədə danışıb. Son məlumatlara görə, Qazaxıstandan Ermənistana ixrac 33,5 milyon dollara çatıb, yastı prokat, emal olunmamış alüminium, ağac sellülozu və kağızı əsas ixrac məhsullardır. Qazaxıstanın ixrac etdiyi məhsulların siyahısına plastik məmulatlar, müxtəlif içkilər, qara metal məmulatları, qənnadı məmulatları da daxildir. Öz növbəsində Qazaxıstan Ermənistandan 19,6 milyon dollar dəyərində mal idxal edib. İdxalın liderləri etil spirti, soyuducu və dondurucu kameralar və dərmanlardır. Ticarət əməliyyatları ilə yanaşı, investisiya əməkdaşlığında da artım var. Armen Xanbabyan əmindir ki, Astana ilə İrəvan arasında qarşılıqlı əlaqə xüsusilə Türkiyə Ermənistanla sərhədlərini açanda daha da güclənəcək. Şübhəsiz ki, bu məsələlərin bütün spektri Paşinyanın bu ilin sonuna qədər baş tutacaq Astanaya səfəri zamanı müzakirə olunacaq: “Lakin hazırda bu cür planların çox tez həyata keçiriləcəyini gözləməməliyik. Çətin ki, sülh müqaviləsinin paraflanmış mətni bu ilin sonuna qədər yekun sənəd formasını alsın”. Amma istənilən halda müşahidə edilən həm də budur ki, Ermənistan bu dəfə türk dünyası ilə yaxınlaşmağa can atır. Görünən odur ki, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra bu proses daha sürətli xarakter alacaq.

Tahir TAĞIYEV

Seçilən
15
baki-xeber.com

1Mənbələr