AZ

Sarsılmaz qətiyyət üzərində qurulan strateji tərəfdaşlıq

Bu, İlham Əliyevlə Donald Trampın praqmatik, obyektiv və ədalətli siyasətinin nəticəsidir

Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində dövlətlərimiz arasında strateji münasibətlərin əsasının qoyulması təkcə Bakı deyil, Vaşinqton üçün də olduqca əlamətdar hadisədir. Azərbaycan-ABŞ əlaqələrinin 30 ildən çox tarixi var və dünyanın heç bir dövləti Vaşinqtonla bu səviyyəli iqtisadi əməkdaşlıqdan danışa bilməz. ABŞ ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan neftinin dünya bazarına çıxarılması prosesinin başlıca siyasi dəstəkverəni qismində çıxış edib. Dünyanın böyük neft şirkətlərinin Azərbaycan bazarına daxil olmasında rəsmi Vaşinqtonun Bakı ilə yenicə qurulmuş münasibətlərə böyük önəm verməsinin ciddi təsiri olub. Bununla belə, tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair sənədin imzalanması münasibətlərdə keyfiyyətcə yeni və fərqli mərhələnin əsasını qoyur.

Strateji münasibətlər qarşılıqlı etimada və məsuliyyətə əsaslanmalıdır

Azərbaycan özünün müstəqil siyasəti ilə dünya dövlətləri və xüsusən də güc mərkəzlərinin nəzərində ciddi etimad ünvanına çevrilib. Bu status imkan verir ki, rəsmi Bakı Avropa İttifaqının bir sıra üzvləri ilə strateji münasibətlərə malik olmaqla yanaşı, eyni məzmunlu və statuslu razılaşmanı Pekinlə də əldə edə bilsin. İndi isə dünyanın bir nömrəli iqtisadiyyatına sahib güc - ABŞ ilə strateji münasibətlərin əsasının qoyulması ölkəmizin özünün xarici siyasət prioritetlərində seçim edərkən nə qədər müstəqil davrana bildiyinin göstəricisidir. 

İkitərəfli münasibətlər etimad və etibar məsələsidir. Bu kimi əlaqələrin qurulmasına qərar anidən verilmir, illərin sınağından çıxmış təmaslar strateji tərəfdaşlığın bünövrəsini təşkil etməlidir. Strateji münasibətlər tərəflərin üzərinə ciddi öhdəliklər qoyur və bu kimi əlaqələr tam əminliklə demək olar ki, müttəfiqliyin ən ali məqamıdır. 

Dünya təcrübəsində, xüsusilə də son dövrlərdə seysmik geosiyasi vəziyyət və qeyri-sabit maraqlar şəraitində bəzi dövlətlərin, hətta özlərinin imzaladıqları strateji tərəfdaşlığa dair sənədlərdən irəli gələn vəzifə və öhdəlikləri pozduqlarının şahidi oluruq. Bu səbəbdən strateji əlaqələr müstəvisində münasibətlərin qurulması yüz ölçüb, bir biçməyi tələb edir. 

Strateji müttəfiqləri bir-birilərinə yaxın edən bir amil ümumi maraqlar və üst-üstə düşən məqsədlərdirsə, digəri etibarı qazanmaq və onu qorumağı bacarmaqdır. Bu gün rəsmi Bakı ilə Vaşinqtonun dünyada baş verən bir sıra təzahürlərə baxışları ümumi xarakter daşıyır. Bu təbii ki, ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə yeni rol - orta güc statusu qazanması ilə bağlıdır. İndi Bakının xarici siyasət xətti təkcə təmsil olunduğu bölgə və ya qonşuları ilə məhdudlaşmır, artıq daha geniş coğrafiyalarda yaranan hadisələrə reaksiya verə bilmək mərhələsinə daxil olub. Bakının Yaxın Şərqdə oynamağa başladığı rol Vaşinqtonun bu mürəkkəb bölgədə baş verənlərə yanaşması ilə yaxınlıq təşkil edir. Məsələn, İsrail-Türkiyə və yaxud Suriya-İsrail münasibətlərinin bərpası və qurulması prosesində Azərbaycan da əsas vasitəçi qismində çıxış edir. Vaşinqtonun regional liderliklərini qəbul etdiyi və özünə müttəfiq saydığı Ankara və Təl-Əviv arasında pozitiv gündəmin olmasında həyati maraqları var. Əsəd diktaturası və istibdadından sonra qurulan yeni Suriyada sabitlik və iqtisadi rifah ABŞ-nin regional təhlükəsizlik sahəsində önəm verdiyi amillərdən biridir. Bu gün əgər Azərbaycan Suriyaya qaz ixrac edirsə, təbii ki, bütün sivil dünya kimi ABŞ tərəfindən də təqdir olunur. 

Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə evsahibliyi və vasitəçilik etməsi, ABŞ ilə aramızdakı münasibətlərin strateji səviyyəyə yüksəlməsi, bir növ, dövlətlərarası əlaqələrin sifarişidir. Hərçənd altına xətt çəkərək qeyd etmək lazımdır ki, əvvəlki administrasiyanın - Co Bayden hakimiyyəti illərində bu barədə düşünmək nəinki çətin, hətta absurd olardı. Bayden ABŞ-si ilə Azərbaycan normal münasibətlərinin qurulması bir yana, Bakı-İrəvan sülh gündəmini ən azı dörd il geriyə atmaqla Vaşinqtonun bölgəmizdəki nüfuzunu şübhə və zərbə altına salmışdı. 

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu məsələni xüsusi vurğuladı: "Əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər. Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir".

Bu gün Azərbaycanla ABŞ-nin artıq strateji münasibətlər qurmaq qərarına gəlmələri məhz Donald Trampın praqmatik, obyektiv və ədalətli yanaşmasının məhsuludur. Bu yerdə bir məqama da toxunmağa xüsusi ehtiyac var ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ Trampın hakimiyyətinin ilk aylarında ABŞ ilə strateji münasibətlərin əsasının qoyulmasının mümkünlüyünə işarə etmişdi.

Erməni lobbisi və diasporundan çəkinməyən ilk ABŞ Prezidenti

Azərbaycan ABŞ ilə münasibətləri tarixində daim sabit və dəyişməz prinsiplərdən çıxış edib. Baxmayaraq ki, Vaşinqtonda administrasiyalar dəyişsə də, Bakı ilə münasibətlərə problemlər və komplekslər eynəyindən baxmağa davam ediblər. Bu kurs ABŞ-nin daxili siyasəti və seçki sisteminə öz məkrli maraqları müstəvisindən müdaxilə edən erməni diasporu ilə əlaqəli idi ki, prezidentdən tutmuş senator və konqresmenlərədək hamı "erməni səsləri"nin arxasınca qaçaraq dövlət maraqlarını və prioritetlərini güdaza veriblər. Bu baxımdan Donald Tramp yeganə ABŞ Prezidentidir ki, nə birinci hakimiyyətinin seçkilərində, nə də indi erməni diasporunun manipulyasiyalarına önəm verib və özünün müstəqil siyasətini yürüdüb. Bu gün Vaşinqton və Bakıda strateji müttəfiqlik müzakirələrinin aparılmasında ən önəmli amillərdən biri də budur: Tramp üçün ilk növbədə dövlətinin maraqlarıdır ki, Bakı ilə xoş münasibətlər bu yolda çox mühüm mərhələ və istiqamətdir. Erməni diasporu və lobbisinin istək, arzu və təşəbbüsləri isə, necə deyərlər, ermənilərin öz problemidir. 

ABŞ ilə münasibətlərimizdə bir məqam da var ki, bu, həm 33 il ərzində dövlətlərarası əlaqələrin məntiqinə kölgə salırdı, həm də Azərbaycan üçün bir mənəvi məsələ idi. Söhbət 907-ci düzəlişdən gedir ki, erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş və faktiki olaraq Vaşinqton-Bakı gündəmini işğal etməklə təkcə Azərbaycanın deyil, ABŞ-nin özünün də maraqlarına ziyan vururdu. Azərbaycan özü- özünü təmin edən ölkədir və biz hətta ən çətin anlarımızda belə problemlərimizi özümüz yoluna qoymağa üstünlük vermişik. Çünki gerçək müstəqillik məhz belə taleyüklü anlarda formalaşır və möhkəmlənir. Ancaq hər halda, bu haqsızlıq bizə qarşı niyə olmalı idi?

Azərbaycan özünün proqressiv xarici siyasəti və səmimi amallarından irəli gələrək ABŞ və müttəfiqlərinin Əfqanıstan əməliyyatına - beynəlxalq terrorizmlə mübarizəyə yardım etmək məqsədilə öz səmasını koalisiya qüvvələrinə açmışdı. Məhz bu kampaniya ərzində Vaşinqton 907-ci düzəlişin fəaliyyətini dayandırmışdı. Ancaq sonra, necə deyərlər, "yağışlar yağıb, çatlaqlar örtüldüyünə" görə, Bayden hakimiyyəti onu yenidən qüvvəyə mindirdi. Trampın isə 907-ci düzəlişin tətbiqini məhz Prezident İlham Əliyevlə görüşü zamanı dayandırması, ABŞ-nin hazırkı dövlət başçısının Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyini bütün dünyaya nümayiş etdirdi. "Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib", - Prezident İlham Əliyev dedi.

Yekun sülh müqaviləsini istəyən ilk ABŞ lideri

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və dünyanın buna göz yumması rəsmi Bakının qarşısında duran əsas xarici siyasət problemi olub. Biz bu illərdə digər dövlətlərlə münasibətlərimizin qurulmasından tutmuş, daxili siyasi və ya iqtisadi problemlərimizin həllinədək geniş aspektli  məsələlərə istisnasız olaraq həmin reallığı nəzərə alaraq baxmışıq. Qarabağın işğal altında olması bizim üçün ən həssas məsələ, hətta ölüm-dirim mövzusu olub. Odur ki, Trampın səmimi təşəbbüslə yekun sülh sənədinin imzalanması yolunda tərəflər arasında vasitəçiliyi öz üzərinə götürməsi Bakıda yüksək qiymətləndirilir. 

Tramp ilk ABŞ prezidentidir ki, bu problemin tamamilə həllində maraqlıdır və belə bir  istiqamətdə ciddi addımlar atır. O, eyni zamanda həm də sülhə əsas maneələrdən biri olan Amerikadakı erməni diasporunun siyasi quluna çevrilmiş qanunvericilərin ifşası kimi missiyanı da üzərinə götürüb. Menendez, Şiff, Peloni, Şermann, Marki, Smit kimi qanunvericilərin naqis, korrupsioner əməlləri məhz Tramp hakimiyyəti dövründə, özü də cəmi bir neçə ay ərzində üzə çıxarılıb və ictimailəşib. 

Donald Trampın haqlı olaraq USAID kimi təşkilatların fəaliyyətinə son qoyması yalnız ABŞ deyil, Azərbaycan və bizim kimi haqsızlığa, qərəzli təbliğata məruz qalan digər dövlətlərin də maraqlarına cavab verir. Tramp aydın şəkildə göstərir ki, bu kimi qurumların fəaliyyəti rüşvət üzərində qurulub. Əgər USAID rüşvət mexanizmlərindən gen-bol istifadə edibsə, deməli, bu saxtakar əməllərdən Azərbaycan və digər dövlətlərə qarşı da yararlanıb. Bu yanaşmanı eynilə "Human Rights Watch", "Freedom House" barədə də işlədə bilərik. Bu qurumlar ABŞ-nin dünyada gözü götürmədiyi ölkələrə qarşı istifadə edilən mexanizmlərin əsas icraçıları olublar. Tramp isə yeganə liderdir ki, buna son qoyub və ABŞ-nin xarici siyasətini qarşılıqlı maraq və faydalar gündəminə qaytarıb.

ABŞ-yə Bayden Administrasiyasının rəhbərlik etdiyi əvvəlki 4 il təəssüf ki, itirilmiş illər oldu. Bayden Administrasiyası da, Ermənistana açıq-aşkar tərəf tutan Fransa Prezidenti E.Makron da, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər bu kimi qurumlar da Azərbaycana münasibətdə qeyri-adekvat davrandılar. Sülhün əldə olunması üçün optimal həllər tapmaq əvəzinə Azərbaycanı güzəştlərə məcbur etmək yolu tutdular. Regionumuzda qanlı münaqişələrin bundan sonra da davam etdirilməsi üçün yeni əsasların yaradılmasına cəhdlər edildi. Onlar Ermənistana yenə də Azərbaycanla bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri qurmaq potensialına malik ölkə kimi yox, əsrlər boyu regionu qarışdırıb burada öz maraqlarını təmin etməkdən ötrü masa nəzərində yanaşdılar.   

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin postkonflikt dövründə aparılan sülh proseslərində də tutduğu qətiyyətli mövqe bu güzəşt siyasətini iflasa uğratdı. Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan ardıcıl qarayaxma kampaniyalarına, sanksiya hədələrinə baxmayaraq, dövlət rəhbərimiz öz mövqeyindən bir addım belə geri çəkilmədi, əsl Liderə xas qətiyyət və prinsipiallıq nümayiş etdirərək siyasi strategiyasını tam həcmdə, uğurla reallaşdırdı. Azərbaycan Prezientinin ABŞ-yə tarixi səfəri və Ağ Evdə əldə olunmuş möhtəşəm nəticə cənab İlham Əliyevin növbəti qalibiyyətinin ifadəsi idi.

Bütün bunlar onu deməyə əsas verir ki, Tramp hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətlərində qarşıya qoyulan bütün hədəflərə nail olunacaq. Hər iki tərəf bu niyyətdədir və bu istək səmimi, təbii xarakter daşıyır. Hər iki dövlətin lideri möhkəm iradəyə, qətiyyətə sahibdirlər və strateji münasibətlərin qurulmasında israrlıdırlar. Bu reallıq əsası qoyulan strateji tərəfdaşlığın məhsuldar olacağını şübhəsiz edir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
20
21
azerbaijan-news.az

10Mənbələr