AZ

Agent fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranan vergi öhdəliyini yerinə yetirə bilərmi?

“XX” MMC tərəfindən tətbiq etdiyi platforma vasitəsilə üçüncü şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın həmin platformada yerləşdirilməsi və bundan sonra günlük və ya aylıq icarə xidmətinə görə platformaya müraciət edən şəxslərə bu sahədə vasitəçilik (agent) xidmətinin göstərilməsi (subicarə fəaliyyəti göstərilmir) həyata keçirilir və ödənişlər cəmiyyət vasitəsilə aparılır. Platformanın istifadəçi sayının minlərlə ev sahibi olması gözlənilir. Bu halda cəmiyyət fiziki şəxslərin icarə haqqı gəlirlərini ödəyərkən yaranmış vergi öhdəliyini yerinə yetirə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinin müddəalarına əsasən, daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin sözügedən maddəsində edilmiş dəyişikliklərə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələri üzrə vergi uçotuna alınıb bəyannamə verir. Buna əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən ödənildikdə və cəmiyyət icarəyə verən fiziki şəxslər tərəfindən agent təyin edildikdə həmin fiziki şəxslərin icarə haqqı gəlirlərindən 14 faiz dərəcə ilə verginin tutulması və bəyan edilməsi cəmiyyət tərəfindən həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 124.1-ci maddəsi.

Seçilən
9
vergiler.az

1Mənbələr