BAKI, 14 avqust. TELEQRAF
Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib.
Bu barədə Teleqraf-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımının təmin olunmasını qarşıya məqsəd qoyur.
"Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.
İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.
Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabət qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyini artıracaq.
Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər prioritet xəstələnmə halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.
Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır", - məlumatda deyilib.