Ermənistan Baş naziri hesab edir ki, saziş “sülh kəsişməsi” layihəsi çərçivəsində regional əməkdaşlığı gücləndirəcək...
Poliqon xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Fox News telekanalına verdiyi müsahibədə ABŞ-də imzalanan saziş və deklarasiyanın İran və Rusiya üçün də əhəmiyyətli faydalar ehtiva etdiyini bildirib. Paşinyanın sözlərinə görə, sazişin həyata keçirilməsi ilə İran Fars körfəzi ilə Qara dəniz arasında dəmiryolu bağlantısına malik olacaq, Rusiya və İran isə bir-biri ilə dəmiryolu vasitəsilə əlaqə qura biləcək.
Paşinyan qeyd edib ki, iqtisadi tərəfə diqqət yetirilsə, bu sazişdən yalnız Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həmçinin Rusiya və İran da çox vacib, əhəmiyyətli və misli görünməmiş faydalar əldə edəcək. Baş nazir xatırladıb ki, hazırda Cənubi Qafqaz vasitəsilə İranla Rusiya arasında birbaşa dəmiryolu yoxdur.
Ermənistanın baş naziri bunu bütün ölkələr və beynəlxalq icma üçün mühüm, beynəlxalq sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli saziş hesab etdiyini bildirib.
“Bizim “Sülh Kəsişməsi” adlı layihəmiz var və bu saziş həqiqətən əməkdaşlıq kəsişməsi ola bilər, məhz bu bizim məqsədimizdir”, deyə Paşinyan əlavə edib.
Poliqon.info