AZ

"Nərgiz xalanı görəndən sonra dedim ki, şofer olacam, o vaxt söz atırdılar" - 50 ilin avtobus sürücüsü - FOTO+ÖZƏL

"AYNA-nın Azərbaycanda avtobus sürən qadın sürücülər hazırlaması təqdirəlayiq haldır. Bu xəbərə çox sevindim. İstər kişi olsun, istərsə də qadın. Əgər onun əxlaqı, qanacağı, mərifəti yerindədirsə o avtobus sürəndə də bütün bu keyfiyyətlərini sərgiləyəcək. Elə qadınlar var ki, kişilərdən milyon dəfə üstündür. Yaxud da əksinə. 50 ildir ki, Qubada avtobus sürürəm. Son 1 ildir ki, xəstəliyimlə bağlı olaraq işləmirəm. Hazırda sahibkar kimi fəaliyyət göstərirəm, avtobuslarım var. O vaxt avtobus sürməyə yeni başlayanda hərə bir söz atırdı, bir söz deyirdi. Mən 1975-ci ildən danışıram. Amma indi başıma and içirlər, böyük hörmətim var".
 
Bunu Moderator.az-a açıqlamasında 50 ilin avtobus sürücüsü, Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Nuriyyə Abdullayeva deyib. O daha sonra bu işin çətin tərəflərindən danışıb:
 
 
"Bu 50 ildə heç vaxt qəza vəziyyəti ilə üzləşməmişəm. Çox şükür. Çünki qəzaların əksəriyyətinin səbəbi yüksək sürətdir. Lazım gələndə sürətli də sürməlisən. Əsas əminlikdir. İndi də öz avtomobilimi sürürəm. Bir də görürsən həkimə, bazara gedirəm. Məni ilhamlandıran bilirsiniz hansı film olub? "Əhməd haradadır?" filmini izləyib, Nərgiz xalanı orada görəndən sonra qarşıma məqsəd qoydum ki, sürücü olacam. Nə atam, nə də anam razı idi sürücü olmağıma. Təsəvvür edin, 1975-ci ildə sürücülük məktəbinə yazılanda 200 oğlanın içində yeganə xanım mən idim. İmtahanlardan uğurla keçdim, ilk maşınım da "Zil" markalı yük avtomobili olub. Sonra "Volqa" da taksi sürücüsü işlədim. Məni bütün Qubada tanıyırdılar. Şimal bölgəsinin ilk avtomobil sürən qadını kimi tarixə düşmüşəm" deyə o bildirib.
 
 
Qeyd edək ki, AYNA ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə qadınlar üçün yeni təlim proqramına başlayıb. Belə ki, artıq dünəndən etibarən avtobus sürücüsü olmaq istəyən qadınlar nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Seçilən
17
2
moderator.az

3Mənbələr