AZ

Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb ki, bunun sayəsində də 70-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Belə ki, indiyədək burada 15,9 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Təkcə 2025-ci ilin I yarısında 1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% çoxdur.

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il 13 iyun tarixli sərəncamı ilə yaradılıb, 2018-ci ilin 18 sentyabr tarixindən fəaliyyətə başlayıb.

Sənaye Məhəlləsi mebel məhsullarının, tikinti materiallarının istehsalı, tütün emalı və s. sahələr üzrə ixtisaslaşıb.

Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.

Seçilən
15
12
vergiler.az

10Mənbələr