AZ

Professor Fərrux Rüstəmov: Vaşinqton Bəyannaməsi Prezident İlham Əliyevin diplomatik zəfəridir

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamə təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun parlaq təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov bildirib.

Professor qeyd edib ki, Prezident İlham Əliyevin milli maraqlara sadiqliyi, iradəsi və dəmir məntiqə əsaslanan diplomatiyası nəticəsində Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən 30 illik işğalına son qoyulub, separatizm tamamilə ləğv edilib. Bununla da Azərbaycan həm müharibə meydanında, həm də danışıqlar masasında tarixi üstünlük əldə edib.

“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanan Birgə Bəyannamə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünün birmənalı şəkildə təsdiqi kimi tarixə yazıldı, hərbi-siyasi qələbəmizi beynəlxalq miqyasda hüquqi reallığa çevirdi, eyni zamanda, milli iradəmizi, tarixi haqqımızı və əzmkar mübarizəmizi dünyaya nümayiş etdirdi.

Bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının nəticəsi olmaqla yanaşı, Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə səbəb oldu. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir”, - deyə professor bildirib.

Bu gün Azərbaycanın təkcə regionun qalib dövləti deyil, həm də sülhün, əməkdaşlığın və strateji diplomatiyanın lideri olduğunu deyən professor Fərrux Rüstəmov vurğulayıb: “Prezident İlham Əliyevin iradəsi və müdrikliyi ölkəmizi həm hərbi, həm də siyasi güc baxımından Cənubi Qafqazda yeni geosiyasi reallığın mərkəzinə çevirib. 1992-ci ildən etibarən Azərbaycana qarşı tətbiq edilən “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin ləğvi, Zəngəzur dəhlizinin açılması və Naxçıvanın blokadadan azad olunması Azərbaycanın tarixi qələbəsinin və diplomatik zəfərinin mühüm göstəriciləridir.

Bütün bu uğurlar gələcək nəsillərə qalib Azərbaycan dövlətinin, diplomatiyasının və Prezident İlham Əliyevin qətiyyətinin təntənəsi kimi çatdırılacaq”.

Seçilən
11
1
azertag.az

2Mənbələr