"Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib".
Modern.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlı olduğunu deyib.
"Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün "m10" tətbiqinin "Binance" platformasına inteqrasiyası nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə "Binance" cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə "kriptobroker platforması" virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd, həmçinin, bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.
Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağırışlardan biridir", - deyə deputat qeyd edib.