“Bu, bir həqiqətdir ki, həm Azərbaycan, həm də Ermənistan sülh istəyir. Başqa bir həqiqət isə budur ki, avqustun 8-də ABŞ Prezidenti cənab Donald Trampın təşəbbüsü, vasitəçiliyi və təşkilatçılığı ilə Azərbaycan və Ermənistan sülh müqaviləsinin paraflanması ilə bağlı konkret addım atdı, imzaları ilə bunu təsdiqlədi. Sülh müqaviləsini artıq dəyişmək olmaz. Tərəflər onun hər bir bəndi ilə tam razıdırlar. İndi isə ayrı-ayrı mətbu orqanlarda belə informasiyalar dolaşır ki, guya sülh prosesi gedişatında ABŞ-nin başqa tələbləri də var. Araik Arutunyan və digər hərbi canilərin Azərbaycan tərəfindən azadlığa buraxılacağı, eyni zamanda həbsdə olan jurnalistlərin də azadlığa qovuşacaqları barədə yanaşmalar öz əksini tapıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Əvvəla, sülh müqaviləsini hər iki tərəf istəyir. ABŞ bu məsələdə qarant dövlət kimi çıxış edir. Bunun hərbi canilərə, yaxud konkret cinayət əməlinə görə həbs edilmiş jurnalistlərə nə dəxli var? Araik və özü kimilər Azərbaycan xalqına qarşı cinayət törədiblər. Onların əlləri Azərbaycan xalqının qanına batıb, onlar hərbi canilərdir. Analoji vəziyyətdə özünə hörmət edən dövlət hansı davranışı ortaya qoymalıdır? Məgər ABŞ hərbi caniləri, soyqırımında iştirak etmiş şəxsləri oxşar situasiyada bağışlayardımı? Təbii ki, yox. Onlara qarşı hüquqi müstəvidə cəza mexanizmini işə salardı. Bu, demokratiyanın əsas tələblərindən biridir. Demokratiya "anarxiya" demək deyil. Demokratiya ilk növbədə hüququnun aliliyini özündə ehtiva edir. Hüququn aliliyi isə tələb edir ki, cinayətkar cəzasız qalmasın, cəzalandırılsın. Biz Araik və onun kimiləri həbs etməklə, onlara qarşı cinayət işi açmaqla, Cinayət Məcəlləsinin müvafiq bəndləri üzrə onları cəzalandırmaqla əslində demokratiya yolunda addım atır, hüququn aliliyini təmin edirik. O prinsipləri müdafiə edirik ki, onları ABŞ özü birmənalı şəkildə dəstəkləyir. Eyni məntiqlə Amerika demokratik dövlət hesab edilir. Buna görə də inanmaq istəməzdim ki, Tramp kimi nüfuzlu dünya lideri hüququn aliliyi, demokratiya əleyhinə çıxış etsin. Burada məntiq yoxdur. Görünür, kimlərsə belə dezinformasiyaların yayılmasında maraqlıdır. Azərbaycanda həbsxanalarda cəzasını çəkən insanlar arasında müxtəlif iş adamları, jurnalistlər də var. Kim həbsxanaya düşübsə, konkret cinayət əməlinə görə düşüb. Kimisi yüngül, kimisi ağır cinayət törədib. Azərbaycanda da jurnalist həbsxanadadırsa, o ya reket jurnalistika ilə məşğuldur, ya da başqa cinayət törədib və cəzasını alıb. Eyni məntiqlə müəllim də, həkim də, mühəndis də həbs oluna bilər. Hüquq müdafiəçisi olan şəxsin öz həbsi də mümkündür. Çünki o da insandır və insan olaraq cinayət törədibsə, belə olan vəziyyətdə peşəsinin, tutduğu mövqeyin heç nəyə dəxli yoxdur. Heç kim qanunun fövqündə dayana bilməz. Qanun şahdır. Azərbaycanda siyasi məhbus da yoxdur. Araik və digər hərbi canilərlə bağlı manipulyasiya etməyə əsas yoxdur. Azərbaycanın atdığı addımlar hüquq müstəvisində baş verir. Biz sülh prosesinə sadiqik. Sülhə sadiqlik hüququn aliliyindən geri çəkilmək anlamında olmamalıdır. Sülhə qarşı çıxış edən, Azərbaycana müharibə elan edən, torpaqlarımızı işğal edən, soyqırımı törətmiş şəxslərin bu gün cinayət məsuliyyətinə cəlb edilməsi əslində elə sülh prosesinin məntiqindən doğur. Sülh prosesinə maneə olan, müharibə istəyən və bu yolda cinayətə imza atmış şəxş həbsxanada olmalıdır. Başqa məntiqdən söhbət belə gedə bilməz”, - deputat bildirib.
Aytəkin Qardaşova