AZ

“Qardaşım elə gündə idi ki, paltarından tanıdım”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 14-də davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Səadət Qarayeva 16 yaşında doğma yurdundan - Kəlbəcər rayonundan məcburi köçkün düşdüyünü deyib.

O, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yaşadığı evi 1993-cü il martın 30-da tərk etdiklərini, mülklərinin işğal olunan ərazilərdə qaldığını söyləyib. Həmin vaxt doğmaları şəhid olub. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib. Bu zaman təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili ona “siz bu şəxslərdən erməni milliyyətindən olduğuna görə şikayətçisiniz?” sualını verib.

S.Qarayeva isə “Xeyr, şikayətim onların erməni olmasına görə deyil, torpaqlarımızı işğal etməsinə, işğalda saxlamasına, mülki şəxslərimizi öldürməsinə, başqa cinayətlər törətməsinə görədir” cavabını verib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ürüzə Vəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı özünün, həyat yoldaşının və digər doğmalarının girov götürüldüyünü bildirib. Həmin vaxt baldızı Vəliyeva Sürəyya Cavad qızı itkin düşüb, hələ də tapılmayıb.

O deyib ki, 1992-ci il fevralın 16-dan 17-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində iki qardaşı girov götürülüb. Qardaşlarından biri girovluqdan azad olunaraq geri qaytarılıb. Həmin vaxt 14 yaşı olan qardaşının taleyindən isə hələ də xəbər yoxdur.

Rəşad İsmayılov ifadəsində 1993-cü il oktyabrın 23-də 16 yaşında olarkən Cəbrayıl rayonunun Mehdili kəndində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, Böyük Mərcanlı kəndinə, sonra Hadruta aparılıb, üç gün girov saxlanıldıqdan sonra azad edilib.

Yaşar Abbasov ifadəsində 1992-ci il sentyabrın 2-də Ağdərə istiqamətində döyüşlər zamanı qarşı tərəfdən açılan atəş nəticəsində sağ ayağından yaralandığını bildirib. Y.Abbasov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında o vaxtdan indiyədək ayağında problem qaldığını söyləyib.

Balay Nəsibov ifadəsində 1992-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinə qarşı bir neçə istiqamətdə döyüşlərdə iştirak etdiyini bildirib. O, əvvəlcə taborda qərargah rəisi, sonra tabor komandiri olub. B.Nəsibov 1994-cü ilin yanvar ayında Murovdağda yaralandığını bildirib.

Əslən Kəlbəcərdən olan zərərçəkmiş şəxs rayonun işğalı zamanı Azərbaycan-Ermənistan sərhədi istiqamətindən Monte Melkonyanın rəhbərlik etdiyi, aralarında xarici muzdluların olduğu işğalçı qüvvələrin hücum etdiyini bildirib.

“Kəlbəcərin işğalı zamanı (1993-cü il martın sonu, aprelin əvvəli – red.) ikinci Xocalı soyqırımı baş verməsin deyə, tapşırıq gəldi ki, əhalini təxliyə edək. Məlum məsələdir ki, eyni vaxtda həm döyüşü idarə etmək, həm də insanları təxliyə etmək çətindir. Amma çalışırdıq ki, döyüş vaxtı həm də əhalini təxliyə edək. Çünki düşmən bacardığı qədər bütün yolları kəsirdi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan zərərçəkmişə sual ünvanlayarkən deyib ki, həmin vaxt Monte Melkonyanın tabeçiliyində tabor komandiri olub.

Yasin Abbasov ifadəsində Kəlbəcər rayon sakini olduğunu, 1992-ci ilin dekabr ayından 1993-cü il aprelin 2-dək Kəlbəcər müdafiə batalyonunun tərkibində işğalçılara qarşı döyüşlərdə iştirak etdiyini bildirib. Əmisi oğlu şəhid olub. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında deyib ki, yaşadığı ev həmin vaxt işğal olunan Kəlbəcər rayonunda qalıb.

Natik Alıyev ifadəsində 1993-cü il martın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu səbəbindən Kəlbəcərdən məcburi köçkün düşdüyünü deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs Ermənistan ordusuna qarşı döyüşlərdə iştirak etdiyini də söyləyib.

Qismət Allahverdiyev Kəlbəcərdə, Laçında, Füzulidə, Tərtərdə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini və yaralandığını söyləyib. O, düşmənin Kəlbəcərə hücumu zamanı orada 80-100 yaş arasında 5 nəfəri girov götürdüklərini, onların sonrakı taleyindən indiyədək xəbər olmadığını bildirib və deyib: “Bunlar Musa Bayramov adlı kişi, Gülsüm Bayramova, Minə, Mədinə və Saray adlı qadınlar idi”.

Səyavuş Bəndəliyev ifadəsində 1992-1993-cü illərdə müdafiə batalyonunun tərkibində Kəlbəcərdə, Laçında və Ağdərədə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, 1993-cü ildə yaralandığını bildirib. Əlavə edib ki, yaralanması nəticəsində səhhətində yaranmış problemlər hələ də qalır.

Firuz Dadaşov Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, Laçın rayonunun Narışlar kəndi istiqamətində mina partlaması nəticəsində yaralandığını deyib.

Natiq Əhmədov ifadəsində 1993-cü ilin martında Ağdamın Xıdırlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığını söyləyib.

Seçilən
133
9
publika.az

10Mənbələr