AZ

Türkiyə Prezidenti və NATO-nun Baş katibi Alyaska görüşü ərəfəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər  

Avqustun 14-də, cümə axşamı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefonla danışıb.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinə istinadla xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ukrayna ilə Rusiya arasında müharibə ilə bağlı son proseslər, eləcə də digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti Ukraynada uzunmüddətli atəşkəsin təmin edilməsi məqsədilə başlanan İstanbul danışıqları çərçivəsində Rusiya-Ukrayna dialoqunda əldə olunan irəliləyişlərə diqqət çəkib.

Türkiyə liderinin sözlərinə görə, Kiyev ilə Moskva arasında dialoqun humanitar sahədə də müsbət addımlara töhfə verməsi vacibdir.

NATO-nun Baş katibi də öz növbəsində Rusiya Federasiyası və ABŞ liderləri arasında Alyaskada keçiriləcək görüş öncəsi Ukraynadakı vəziyyətlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb.

Ərdoğan bildirib ki, Ankara Vladimir Putin ilə Donald Tramp arasında gözlənilən görüşü diqqətlə izləyir.

Seçilən
5
2
azerbaijan-news.az

3Mənbələr