Alyaska görüşünə Ukrayna, AB və Britaniya dəvət almayıblar – bu da dəvət olunmayanları ciddi şəkildə narahat edir. Çünki sən masa arxasında deyilsənsə, masanın üzərində yemək kimi ola bilərsən.
Bu sözləri ReAL sədri Natiq Cəfərli bildirib.
O xatırladıb ki, Avropanın bu duruma düşməsi öz günahıdır:
“80 ildir öz təhlükəsizliyini könüllü olaraq ABŞ-a təhvil verəndə, silah və sursat məsələsində Amerikadan bu qədər asılı olanda ABŞ da istədiyi kimi davranmaq imkanı qazanır.
AB ölkələrinin ritorikası tam doğrudur: Ukrayna güzəştə getməməlidir, ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi müzakirə predmeti olmamalıdır, sərhədlər güc yolu ilə dəyişdirilməməlidir - əla, doğru, düzgün tezislərdir. Amma bu tezislərin altını doldurmağa güc, əməl yoxdursa, boş söz yığınıdır.
AB masada olması üçün nə etməli idi? Təcavüzkar Rusiya beynəlxalq hüquqa istinad edərək Şimali Koreya ilə müqavilə bağladı, 10-15 min arası koreyalı əsgəri öz ərazisinə gətirdi, onlar Rusiya üçün vuruşdular, öldülər-öldürdülər. BMT sənədlərinə görə, Kursk legitim Rusiya ərazisi idi və bunu əsas gətirərək, Moskva koreyalıları rəsmi sənədlərlə öz ərazisinə gətirdi. Kurs vilayətində Ukrayna ordusunun çıxarılmasında koreyalılar mühim rol oynadılar.
Yaxşı, AB ölkələrinə nə mane olurdu ki, Ukrayna ilə eyni hüquqa malik müqavilə bağlayıb əsgər göndərsinlər?! İşğalçı Rusiya BMT sənədlərə və beynəlxalq hüquqa istinad edib Şimali Koreyadan əsgər gətirir, amma işğala məruz qalan Ukraynaya heç bir Avropa dövləti eyni jesti etmir. Hə, deyəcəksiniz ki, o ölkələrin çoxu NATO üzvüdürlər, bu NATO-Rusiya müharibəsi ola bilərdi – bu da yanlış tezisdir. Əvvala, Avropada NATO üzvü olmayan ölkələr də var, onların biri-ikisi ilə Ukrayna müqavilə bağlaya, həmin ölkələrin bayrağı altında isə bütün Avropadan rəsmi əsgərlər Ukraynaya yardıma gələ bilərdilər. Bilirəm ki, azsaylı könüllülər var, amma söhbət Şimali Koreya misalında olduğu kimi rəsmi ordudan gedir. Bu addım Rusiyanı çəkindirə, Avropanı masaya otuzdura bilərdi.
Avropa isə qorxdu, belə bir addım atmadı, sözlə dəstəyə üstünlük verdi – qorxaqları isə masaya dəvət etmirlər. Ona qalsa, NATO dövləti olan Türkiyə çəkinmədən Azərbaycanla hərbi saziş, Şuşa Bəyannəməsi imzaladı – qorxmadı, ona görə də Rusiya bu addımla hesablaşmağa məcbur qaldı.
AB başqa addım da ata bilərdi – Rusiya öz məhdud iqtisadi vəziyyətinə baxmayaraq, rəsmi səfərbərlik etmədən (bir tək 2022-də məhdud etdi, qeyri-populyar addım oldu, saxladılar) muzdlu əsgər toplamağı bacardı. Orduya yazılanlara ayda 205 min rubl maaş, yaralananlara 1,5-2 mil. rubl, ölənlərin ailələrinə isə 7 mln. rubl pul ödəyir. Ukraynada isə səfərdərlik çox ağır gedir, insanları bəzən zorla orduya yığırlar – olmazdımı ki, elə həmin Avropanın rahatlığını şərq qapısında qoruyan Ukrayna Ordusunun əsgərlərinə maaşı AB verərdi?! Deyərdilər ki, kim orduya yazılırsa, AB büdcəsindən onlara ayda, məsələn, 3000 avro maaş, yaralananlara 200 min avro, həlak olanların ailələrinə 500 min avro ödəniş edəcəklər – bunu da etmədilər.
Dünya belədir, hərəkət etmədən bərəkətin olmaz – AB ölkəri öz hərəkətsizliyinin acısını, ağrısını çəkirlər, bunun bədəlini isə qəhrəman Ukrayna xalqı, Ukrayna əsgəri ödəyir.
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir, amma istənilən halda dost Ukrayna dövləti, qəhrəman Ukrayna xalqı üçün daha ağır şərtlər masada olacaq. Masanın üzərində...” \\BakuPost