Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov növbəti dəfə Azərbaycana qarşı sərt və təhdid dolu açıqlamalar verib.
Hurriyyet.Az Musavat.com-a istinadla xəbər verir ki, o, Alpha News-ə müsahibəsində Moskvanın Bakı ilə münasibətlərinə dair iddialar irəli sürərək Azərbaycanın “əlverişli an gəldikdə Rusiyaya zərbə vuracağını” söyləyib.
Kabanov iddia edib ki, Azərbaycan heç vaxt Rusiyaya inteqrasiya yolunu seçməyib, əksinə Türkiyə, Böyük Britaniya və ABŞ-la yaxınlaşmağa üstünlük verib. Onun sözlərinə görə, Bakı “Rusiya ilə dostluqdan danışır, amma eyni zamanda düşmənlərinə yardım göstərir”.
“Azərbaycan məhsulları və sonradan silah-sursat Ukrayna Silahlı Qüvvələrinə göndərilirdi. Bu sirr deyil. Bu gün isə bunu açıq şəkildə etməyə başlayıblar və Ukraynanın tərəfində xal qazanmaq istəyirlər”, – Kabanov bildirib.
Rusiya məmuru Azərbaycan rəhbərliyini Ukrayna prezidenti Volodimir Zelenskiyə mənəvi dəstək verməkdə ittiham edib və bunun Rusiyaya qarşı açıq mövqe olduğunu vurğulayıb.
Kabanov Moskvanın atmalı olduğu “addımlar” barədə də danışıb. O, Azərbaycan diasporunun Rusiyada iqtisadi təsirini azaltmağı, Qafqazda mövqeləri gücləndirməyi və Azərbaycanın “Dağıstana təzyiq ehtimalına hazırlaşmağı” təklif edib.
“Ən önəmlisi odur ki, Azərbaycan heç vaxt Rusiyanın dostu olmayıb, bunu qəbul etməliyik”, – deyə o yekunlaşdırıb.
Kabanovun açıqlamaları təsadüfi deyil. Kreml son aylarda müxtəlif məmurları, deputatları və ekspertləri seçərək, Azərbaycan əleyhinə məqsədli ritorika aparır. Bu çıxışlar əslində Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir.
Kabanov kimi fiqurlar Kremlin “ideoloji ordusu”nu xatırladır – onlar sistemli şəkildə Azərbaycanın imicinə zərbə vurur, ölkəni guya Rusiyaya qarşı planlar qurmaqda ittiham edirlər. Bu, Rusiyanın qonşulara qarşı ənənəvi “təhdid dili”dir.
Son 35 ildə Azərbaycan–Rusiya münasibətlərində kəskin böhranlar yaşansa da, indiki kimi düşmənçilik ritorikası az müşahidə olunub. İndi isə Moskva Azərbaycana açıq şəkildə “işğal ritorikası” ilə səslənir.
Bu yanaşma yalnız Bakıya qarşı deyil – Rusiya eyni sərt və təhdidkar ritorikanı Avropaya, Ukraynaya, hətta bir sıra dost ölkələrə qarşı da nümayiş etdirir. Əslində bu, Kremlin zəifləməsinin, beynəlxalq aləmdə təcridinin göstəricisidir.
Kabanovun açıqlamaları Kremlin Azərbaycana qarşı ideoloji hücumunun növbəti halqasıdır. Rusiyanın “yumşaq güc” dilini itirərək yalnız təhdid və təhqir üzərindən danışması onu həm regionda, həm də qlobal miqyasda daha çox təklənməyə məhkum edir.