Beynəlxalq aləmdə qəbul edilən bu humanitar dəstəyi də Rusiyanın gözü götürmür
Azərbaycan xalqı ta qədimdən canından, qanından, bir sözlə, milli genofondundan gəlmə istəklə təbii fəlakətlərdən, müharibə və münaqişələrdən zərərçəkən insanlara, ölkələrə yardım etməyi özünə mənəvi borc bilir. Tarixə ekskurs etsək, çoxlu misal çəkmək olar. Məmnunluq doğuran odur ki, ötən əsrin sonlarında Azərbaycan öz tarixi müstəqilliyinə nail olduqdan sonra dövlət səviyyəsində, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə bu humanitar yardımların sayı, çeşidi və coğrafiyası daha da genişlənmişdir.
Heç uzağa getməyək, beş il bundan öncə, COVID-19 pandemiyasının geniş tüğyan etdiyi bir zamanda Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edilmişdir. Bu gün də dövlətimiz humanizm prinsiplərinə söykənərək dünyanın müxtəlif ölkələrində baş verən müharibələrdən, münaqişələrdən zərərçəkənlərə əl tutur, bu və ya digər dərəcədə yardımlar göstərir. Belə ölkələrdən biri də üç ildən artıq Rusiya ilə müharibədə döyüşən Ukraynadır. Hər gün neçə-neçə insanın həyatı yarımçıq qalan bu müharibədə günahsız gənclər, qocalar, uşaqlar ölür, yüzlərlə insan şikəst olur. Rəsmi məlumatlara görə, müharibə başlayandan indiyə kimi 7 milyona yaxın ukraynalı dinc sakin məcburiyyət qarşısında öz vətənini tərk edərək xarici ölkələrə üz tutub.
Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkəmizdə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 2 milyon dolların manat ekvivalentində vəsait ayrılıb.
Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi avqustun 13-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Sözügedən yardımın növbəti hissəsinin yola salınması yaxın günlərdə reallaşacaq.
Son illərdə Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərilmişdir. Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi" əsasında inkişaf edir.
Xatırladaq ki, 35 illik münaqişədən sonra sülh sazişinin əldə olunduğu bu tarixi günlərdə sevincimizə şərik çıxan Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlətimizin başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Xatırladaq ki, bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmiş, daha sonra SOCAR-ın ofisinin yanına raket düşmüşdü. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaqdır. Moskva hava məkanında təyyarəmizin vurulmasından tutmuş Yekaterinburqda həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlara, absurd iddialarla ölkəmizə media savaşının açılmasına qədər Rusiya bütün bu sadalanan mənfur fəaliyyətləri ilə müttəfiqini itirməkdə olan ölkəyə çevrilir. Heç kim iki ölkə arasında istər enerji, istərsə də digər sahələr olsun, əməkdaşlığa maneə törədə bilməz. Azərbaycan Ukraynada yaranmış vəziyyətlə bağlı bu ölkəyə mütəmadi humanitar yardımlar edir. Belə humanizm prinsiplərinə əsasən, Azərbaycan xalqı Ukrayna-Rusiya müharibəsində həlak olanların ailələrinə, evsiz-eşiksizlərə, əlil olanlara, qocalara, xəstələrə, imkansızlara, valideynlərini itirmiş uşaqlara mütəmadi olaraq yardımlar göstərir. Hətta müharibənin dəhşətlərindən zərərçəkən məktəblilərin, yeniyetmələrin müalicəsinə, istirahətinə şərait yaradır. Bu günlərdə Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar.
Mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib.
Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və sair reabilitasiya xidmətləri göstərilir.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi məqsədilə tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar və sair tədbirlər təşkil olunub.
Rəhman SALMANLI,
"Azərbaycan"