AZ

Putinlə Trampın masasında hansı mövzular var? - SİYAHI

Bu gün Bakı vaxtı ilə gecə saat 23:00-də ABŞ və Rusiya liderləri arasında görüş keçiriləcək. Soyuq Müharibə dövründən qalan hərbi bazada baş tutacaq danışıqlar Trampın Ağ Evə qayıdışından sonra iki liderin ilk üz-üzə görüşü olacaq.

Görüşün əsas gündəmi Ukraynadır. Tramp son günlərdə Ukraynanın hər hansı razılaşmada iştirak etməli olduğunu desə də, torpaq mübadiləsi ehtimalını istisna etməyib. Putin isə Donbas, Xerson və Zaporojye üzərində tam nəzarət, Kiyevin NATO üzvlüyündən imtinası və Ukrayna ordusunun məhdudlaşdırılması kimi sərt şərtlər irəli sürür.

Tramp dünən bildirib ki, üç ildən çox davam edən müharibəni bitirmək gözlədiyindən daha çətin olub. Onun sözlərinə görə, Putinlə danışıqlar uğurlu alınarsa, bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə üçtərəfli sammit təşkil etmək daha vacib olacaq. Zelenski isə bu görüşə dəvət edilməyib.

Ukrayna və Avropa paytaxtlarında əsas qorxu odur ki, Kiyevin ərazi güzəştlərinə məcbur edilməsi ehtimalı var. Tramp Putinlə razılaşmama ehtimalının 25 faiz olduğunu bildirib. Çərşənbə günü Ukrayna və Avropa liderləri ilə keçirilən videokonfransda ABŞ prezidenti Kiyevin hər hansı ərazi razılaşmasında iştirak etməli olduğunu bildirib. Zelenski həmçinin Trampın müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini dəstəklədiyini açıqlayıb, baxmayaraq ki, Tramp bu barədə ictimaiyyətə danışmayıb.

Analitiklər hesab edir ki, Putin, Trampın istədiyi görüntünü versə də, Ukraynada eskalasiyanı davam etdirmək üçün manevr imkanlarını qorumağa çalışacaq. Mümkün kompromislərdən biri hava hücumlarında mərhələli atəşkəs ola bilər, amma tərəflər əvvəlki razılaşmaların pozulmasında bir-birini ittiham edirlər.

Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürür: Donbas (Donetsk və Luqansk) bölgəsinin tam işğalı, Xerson və Zaporojye vilayətlərinə tam nəzarət, Ukraynanın NATO üzvlüyündən imtinası və ordusunun məhdudlaşdırılması. Kiyev bu tələbləri təslim aktı kimi qəbul edir və rədd edir.

Tramp isə sülh üçün ərazi mübadiləsi variantını istisna etmir. Hazırda Rusiya Ukraynanın təxminən 20%-nə nəzarət edir. Putin isə bu müharibəni “qələbə” kimi təqdim edə biləcək nəticə əldə etmədən geri çəkilmək istəmir.

Ekspertlər Tramp-Putin görüşünün gündəliyinin daha geniş olduğunu düşünür.

Gündəlikdə əsasən mövzu Ukraynada atəşkəs razılaşması olsa da, masada nüvə silahlarının məhdudlaşdırılması, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, təhlükəsizlik zəmanətləri və hətta ərazi məsələləri kimi həssas mövzular da var.

Tramp Nobel Sülh Mükafatına iddialı olmaq üçün qlobal vasitəçi imicini möhkəmləndirmək istəyir, Putin isə ağır sanksiyaların yaratdığı iqtisadi təzyiqdən çıxış yolları axtarır. Kreml rəhbəri görüş ərəfəsində yeni nüvə silahlarına nəzarət sazişi təklif edərək Trampın diqqətini cəlb edib.

Zəngəzur dəhlizi və Cənubi Qafqaz

Ekspertlər Cənubi Qafqazla bağlı məsələlərin də pərdəarxası müzakirə olunacağını istisna etmir. ABŞ-ın bölgədə artan fəallığı, Azərbaycanın strateji tranzit imkanları və Zəngəzur dəhlizi layihəsi həm Rusiya, həm də Qərbin diqqətindədir.

Vaşinqton görüşündə dəhlizə nəzarət ABŞ şirkətlərinə verilsə də, Rusiya bundan narahatdır. TRIPP layihəsinin (Zəngəzur dəhlizi) regional güc balansına təsiri barədə qeyri-rəsmi müzakirələr aparılması gözlənilir.

Yaxın Şərq gündəmi

İranın nüvə proqramı ətrafında gərginlik, Qəzzada davam edən müharibə və İsrailin təhlükəsizlik tələbləri də danışıqlara dolayı yolla daxil ola biləcək mövzulardandır. ABŞ İsrailin təhlükəsizliyini təmin edərkən İranla nüvə razılaşması imkanlarını yoxlaya bilər. Rusiya isə Tehranla strateji tərəfdaşlığını qorumaqla yanaşı, Yaxın Şərqdə ABŞ təsirini zəiflətməkdə maraqlıdır. Suriyada vəziyyət, enerji bazarlarının sabitliyi və Qırmızı dənizdə ticarət marşrutlarının təhlükəsizliyi də gündəliyə daxil edilə bilər.

Dünyanın yenidən bölüşdürülməsi

Geosiyasi mübarizənin qlobal səviyyədə yeni mərhələyə keçdiyi bir vaxtda Tramp-Putin görüşü böyük güclərin nüfuz dairələrinin yenidən müəyyənləşdirilməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirilir. Çinlə ABŞ arasındakı rəqabət, Afrika və Latın Amerikasında təsir uğrunda mübarizə, Arktikada enerji və resurs savaşı, habelə BRICS və Qərb alyansları arasındakı iqtisadi qarşıdurma bu kontekstdə ön plana çıxır.

Alyaskadakı sammit yalnız Ukrayna deyil, gələcək onilliklər üçün beynəlxalq münasibətlərin istiqamətini müəyyən edə biləcək qərarların masaya yatırıldığı görüş ola bilər.

Seçilən
0
2
news365.az

3Mənbələr