Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.
Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).
Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsi yoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclı bitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşı həssas bitki sayılır.
Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.