AZ

Məhsulun zəmanət müddəti və istehlakçının hüquqları

İstehlakçılar üçün aldıqları məhsulun zəmanət müddətini və bu müddət ərzində malik olduqları hüquqları bilmək son dərəcə vacibdir. Hüquqların tanınması, keyfiyyətsiz və ya saxta məhsul hallarında maddi zərərin qarşısını almağa, satıcı və istehsalçılardan ədalətli şəkildə tələb irəli sürməyə imkan verir.

Məhsulun zəmanət müddəti necə müəyyən edilir?

Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?

İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.

İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?

Əgər əşya üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Mənbə: “İstehlakçı(.)az” platforması,
Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Seçilən
7
1
vergiler.az

2Mənbələr