Böyük Britaniyanın Mançester hava limanında "EasyJet" aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub. Birinci təyyarə Cəbəllütariqə, ikincisi isə Parisə uçurmuş.
Hafta.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri şirkət nümayəndəsinə istinadən məlumat verib.
"Biz Mançester hava limanında iki təyyarəmizin toqquşması faktını təsdiq edirik. Hadisənin səbəbini müəyyən etmək üçün dərhal araşdırmaya başlanılıb. Sərnişinlərin və ekipajın təhlükəsizliyi bizim mütləq prioritetimiz olaraq qalır", - deyə "EasyJet"dən bildirilib.
İlkin məlumatlara görə, hər iki təyyarənin qanadları zədələnib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Qeyd olunur ki, hadisədən sonra reyslərin ləğvi və gecikmələr səbəbindən hava limanında bir müddət xaos hökm sürüb.