AZ

Azərbaycanda 33 ildə 485 məktəbəqədər təhsil müəssisəsi bağlanıb - KƏDƏRLİ STATİSTİKA 

Dünyanın qabaqcıl ölkələrinin təhsil sistemində məktəbəqədər təhsil xüsusi önəm daşıyır.
Əslində uşaqların erkən yaşlarından keyfiyyətli bilik və vərdişlərə yiyələnməsi, sosial bacarıqlar qazanması və ümumən həyata psixoloji baxımdan hazırlaşması insanın sonrakı fəaliyyəti dövründə böyük rol oynayır.
Uzun illərdir ki, Azərbaycanda bu sahə ilə bağlı geniş müzakirələr açılır. Kadr çatışmazlığı, yer azlığı, zaman-zaman bu sahəyə fərqli qurumların nəzarət etməsi ciddi problemlərin yaranması ilə müşaiət olunub.

Gəlin öncə ölkədəki məktəbəqədər təhsil müəssisələrinin sayına və dəyişmə şkalasına diqqət edək.

Dövlət Statistika Komitəsindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanda 1991-ci ildə 2185 məktəbəqədər təhsil müəssisəsi mövcud olub.

Məktəbəqədər təhsil müəssisələrində dəyişmə tendensiyası 1992-ci ildən etibarən illər üzrə belə olub: 1992-ci ildə 2168, 1993-cü ildə 2099, 1994-cü ildə 2172, 1995-ci ildə 2006, 1996-cı ildə 1973, 1997-ci ildə 1918, 1998-ci ildə 1879, 1999-cu ildə 1854, 2000-ci ildə 1814, 2001-ci ildə 1790, 2002-ci ildə 1794, 2003-cü ildə 1781, 2004-cü ildə 1777, 2005-ci ildə 1758, 2006-cı ildə 1761, 2007-ci ildə 1757, 2008-ci ildə 1653, 2000-cu ildə 1607, 2010-cu ildə 1624, 2011-ci ildə 1623, 2012-ci ildə 1629, 2013-cü ildə 1637, 2014-ci ildə 1639, 2015-ci ildə 1650, 2016-ci ildə 1656, 2017-ci ildə 1663, 2018-ci ildə 1680, 2019-cu ildə 1679, 2020-ci ildə 1684, 2021-ci ildə 1692, 2022-ci ildə 1691, 2023-ci ildə 1696, 2024-ci ildə 1700.

Göründüyü kimi 33 il ərzində Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayında 485 azalma olub.
Bu illər ərzində isə əhalinin sayında artım olduğundan, bu müəssisələrdə təhsil almalı olan uşaqların sayı da çoxalıb. Buradan durumun faciəvi olduğu ortaya çıxır.

Böyük azalma əsasən 2007-2008-ci illərə təsadüf edir. Həmin illərdə 104 məktəbəqədər təhsil müəssisəsi bağlanıb. 2009-cu ildən etibarən isə məktəbəqədər təhsil müəssisələrinin sayında cüzi artım başlayıb.

2024-cü ilin statistikasına əsasən, şəhər yerlərində 1133, kənd yerlərində isə 724 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, məktəbəqədər təhsil müəssisələrinə uşaq bağçaları, körpələr evi-uşaq bağçaları, körpələr evi, məktəb-uşaq bağçaları, sanator tipli və xüsusi məktəbəqədər təhsil müəssisələri daxildir. 
Bu müəssisələr arasında uşaqlar üçün ən önəmli təhsil forması uşaq bağçalarıdır. Bağçalar öyrənməyi əyləncəyə çevirir, uşaqların inkişafına dəstək olur və valideynlər üçün gündəlik həyatlarını daha rahat və planlı təşkil etməyə imkan yaradır.

İndi isə uşaq bağçalarındakı say dəyişiminə diqqət edək. 

2014-cü ildən 2024-cü ilə qədər göstəricilər belədir: 572, 658, 631, 634, 628, 598, 610, 602, 605, 613, 617.
Burada diqqəti çəkən məqam 2014, 2015 və 2016-cı illərdir. Bu dövrdə 86 yeni bağça istifadəyə verilsə də, növbəti ildə 27 bağça fəaliyyətini dayandırıb. 2018–2019-cu illərdə 30 bağçanın bağlandığı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, 2019-cu ildən etibarən məktəb-uşaq bağçalarının fəaliyyəti dayandırılıb.

Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əlçatanlığını artırmaq üçün müvafiq işlər görsə də, hələ də bir çox valideynlər övladları üçün yaşadıqları əraziyə uyğun bağça tapmaqda çətinlik çəkirlər. 

Bölgələr üzrə uşaq bağçalarının sayı, keyfiyyətli tədris və müasir şəraitlə təminatı üzərində də əlavə tədbirlərə ehtiyac duyulur. Uşaqların erkən yaşlardan təhsilə hazırlanması, sosial bacarıqlarının inkişafı və valideynlərin rahatlığının təmin olunması üçün məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi vacibdir.
Rəqəmlər isə çox kədərlidir. Bu rəqəmləri ciddi siqnal kimi də qəbul etmək olar.

Seçilən
5
2
azedu.az

3Mənbələr