AZ

Yanvar-iyun aylarında Azərbaycan 166 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Bakı, 15 avqust, AZƏRTAC

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 23 milyard 964,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12 milyard 442,2 milyon dollar, idxalın dəyəri 11 milyard 522,1 milyon dollar təşkil edib, nəticədə 920,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artmış, real ifadədə 3,8 faiz azalıb. İdxal real ifadədə 4,4 faiz artıb, ixrac isə 9,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,3 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Qazaxıstan, Çexiya, Rumıniya, Xorvatiya, Yunanıstan, Gürcüstan, Bolqarıstan, İsveçrə, Avstraliya, Portuqaliya, İran, Cənubi Afrika Respublikası, Ukrayna, Özbəkistan, Meksika və Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çinin, 16,7 faizi Rusiyanın, 10,3 faizi Türkiyənin, 4,8 faizi ABŞ-ın, 4,5 faizi Birləşmiş Krallığın, hər biri 3,9 faiz olmaqla Qazaxıstan və Almaniyanın, 3,1 faizi Avstraliyanın, 2,5 faizi İranın, 2,3 faizi Cənubi Afrika Respublikasının, 2,2 faizi İtaliyanın, 1,9 faizi Meksikanın, hər biri 1,8 faiz olmaqla Özbəkistan və Yaponiyanın, 1,7 faizi Braziliyanın, hər biri 1,5 faiz olmaqla Koreya, İsveçrə və Belarusun, hər biri 1,2 faiz olmaqla Kanada və Ukraynanın, 14 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən buğda idxalı 56 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,3 faiz, xam şəkər – 40,6 faiz, çay – 7,2 faiz, kartof – 20,1 faiz, təzə tərəvəz – 33,4 faiz, siqaretlər – 3,4 dəfə, minik avtomobilləri – 24,2 faiz, məişət kondisionerləri – 26,6 faiz, rezin şinlər – 19,7 faiz, yük avtomobilləri – 0,2 faiz, qara metallardan çubuqlar – 29,7 faiz, mebellər – 0,2 faiz, polietilen – 9 faiz, avtobuslar – 2,4 dəfə, polipropilen – 5,4 faiz, məişət soyuducuları – 18,9 faiz artıb, bitki yağları idxalı isə 5,4 faiz, təzə meyvə – 16,4 faiz, şokolad və şokolad məhsulları – 1,3 faiz, unlu qənnadı məmulatları – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 15,4 faiz, mal əti – 18,3 faiz, dərman vasitələri – 14,6 faiz, polad prokatı – 0,2 faiz, qara metallardan borular – 29,3 faiz, hesablama maşınları, blok və qurğuları – 16,1 faiz, mineral gübrələr – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, paltaryuyan maşınlar – 5,4 faiz, qara metallardan künclüklər – 8,7 faiz, sement – 12,7 faiz azalıb.

2025-ci ilin yanvar-iyun aylarında ölkəyə 47 min 199 ədəd minik avtomobili, 4010 ədəd yük avtomobili, 250 ədəd avtobus idxal olunub.

İdxal olunan malların 45,9 faizini avtomobil, 34,2 faizini hava, 10,1 faizini dəniz, 9,5 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 46,5 faizini İtaliyaya, 13,3 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, 3,5 faizini Çexiyaya, 3,2 faizini Xorvatiyaya, 3 faizini Rumıniyaya, hər biri 2,9 faiz olmaqla Bolqarıstan və Yunanıstana, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,4 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Birləşmiş Krallığa, hər biri 1 faiz olmaqla Niderland və İrlandiyaya, hər biri 0,8 faiz olmaqla Ukrayna və Serbiyaya, hər biri 0,6 faiz olmaqla Tailand və İndoneziyaya, 0,5 faizini Tunisə, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı 1754,1 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 9,9 faiz artıb, real ifadədə isə 13,2 faiz azalıb. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,8 faiz), İsveçrəyə (8,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3 faiz), Qazaxıstana (3 faiz), ABŞ-a (2,1 faiz), Belarusa (2,1 faiz), Türkmənistana (1,7 faiz), Özbəkistana (1,6 faiz), İtaliyaya (1,3 faiz), Çinə (1,1 faiz), Almaniyaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,2 faiz, təzə tərəvəz – 10,6 faiz, kartof – 43,2 faiz, şəkər – 66,2 faiz, bitki yağları – 31 faiz, çay – 2,5 faiz, mineral gübrələr – 17,2 faiz, polietilen – 4,5 faiz, emal olunmamış alüminium – 7,8 faiz, sement klinkerləri – 34,5 faiz, qara metallardan borular – 31,8 faiz, pambıq ipliyi – 26,1 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 14,2 faiz, meyvə və tərəvəz konservləri – 9,1 faiz, tütün – 48,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 37,2 faiz, pambıq lifi – 12,7 faiz, polipropilen – 5,5 faiz, elektrik enerjisi – 26,5 faiz, qara metallardan çubuqlar – 33,3 faiz, bentonit gili – 12,6 faiz azalıb.

2025-ci ilin yanvar-iyun aylarında ixracın 85,5 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 9,5 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,4 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Seçilən
0
3
azertag.az

4Mənbələr