Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 15 avqust, AZƏRTAC
Zəngəzur dəhlizi ilə bağlı razılaşma rəsmi Bakının növbəti parlaq qələbəsidir. Bakının diplomatik səyləri 44 günlük Vətən müharibəsinin yekunlarının ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tanınmasına gətirib çıxardı. Prezident İlham Əliyev Azərbaycanın maraqlarının təmin olunmasına tarixi töhfələrə nail olaraq, uzaqgörən dövlət xadiminin müdrikliyini nümayiş etdirdi.
Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal bildirib. O, Vaşinqtonun Bakıya qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırmasına, o cümlədən əvvəllər aktiv anti-Türkiyə və anti-Azərbaycan qüvvələrin mərkəzi hesab edilən ölkələrdə erməni diasporunun təsirinin azaldılmasına diqqət çəkib.
Ünsalın sözlərinə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması bütün region ölkələrinə, o cümlədən Ermənistanın özünə də fayda verəcək.
“Vaşinqtonun iştirakı ilə razılaşma hər hansı səbəbdən uğursuz olarsa, Bakı və Ankaranın İrandan keçəcək alternativ yolu var. Uduzan tərəf yalnız Ermənistan olacaq”, - deyə TADDEF rəhbərinin müavini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.