AZ

Şahmat taxtasında həyat və Stefan Sveyqin son partiyası

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəzən bir oyun bir insanın həyatını tərif etmək üçün yetərlidir. Bəzən bir lövhə — 64 qara-ağ kvadrat — bütün dünyanın simvoluna çevrilir. Stefan Sveyqin "Şahmat novellası" da belə bir mətn idi: yeganə bir oyunun sonsuzluğa açılan, ruha toxunan tragediyası.

1881-ci il noyabrın 28-də doğulan Stefan Sveyq bədii sözün ustası, psixologiyanın yazı dili, insan düşüncəsinin və daxili tənəzzülün poetik müşahidəçisi idi. O, dram, poeziya, bioqrafiya, memuar və esselər yazsa da, şah əsəri 1941-ci ildə Braziliyada, fiziki cəhətdən uzaq, lakin mənəvi baxımdan ürəyinə ən yaxın məkanlardan birində – Petropolidə – yazdığı "Şahmat novellası" oldu.

Bu novellada şahmat yalnız oyun deyil, məhdudiyyətlərlə mübarizə, ağlın sarsılması və bərpası, insanın öz "mən"i ilə döyüşüdür. Oyun lövhəsindəki rəqəmlər yalnız piyada, at, vəzir deyil – onlar həm də Sveyqin yaşadığı əsrin simvollarıdır: totalitarizmin təzyiqləri, sürgünün acısı, mədəniyyətin sarsılması və şəxsi ləyaqətin sınağa çəkilməsi.

Novellanın ilk hissəsi soyuq və loğva Çentoviçin ətrafında qurulub — o, hissiz və primitiv, ancaq qüsursuz riyazi dəqiqliklə oynayan bir dahi. Uşaqlıqda əqli gerilikdən əziyyət çəkmiş, lakin təsadüfi olaraq şahmatla tanış olan Çentoviç sadə və bəsit, ancaq məğlubedilməz bir oyunçudur. O, şahmatı hiss etməz, sadəcə hesablayar. Sveyqin dili ilə desək, o, Napoleonun qarşısında dayanan Kutozov kimidir — susqun, lakin dönməz. Bütün dahilik mexaniki olurmu? Bəs insan ruhu bu dəqiqliyin harasında gizlənir?

Cavab novellanın ikinci yarısında gəlir — doktor B.-nin obrazı ilə. O, həbs, tənhalıq və informasiya blokadasında sarsılmış, ancaq təsadüfən ələ keçən bir şahmat kitabı vasitəsilə zehnini qorumağa çalışan bir hüquqşünasdır. Şahmat onun üçün xilas planına çevrilir. O, real taxta və fiqurlar olmadan, öz ağlı və təsəvvürü ilə yüzlərlə partiyanı əzbərləyir, təkrarlayır və nəhayət, özü-özünə qarşı oynamağa başlayır.

Doktor B. şahmatı hiss edir, onu musiqi kimi dinləyir, memarlıq kimi qurur. Onun oyunu estetikadır, intellektual mübarizədir, daxili dramdır. Lakin bu gözəllik, eyni zamanda, dəhşət gətirir — çünki onu ruhi böhrana sürükləyir. Öz “ağ” və “qara” mənləri arasında qaldıqda insan bir anda azad və əsir, qalib və məğlub olur. Bütün bu gərginlik bir cümlədə ifadəsini tapır: “Bir mənim oyunu bitirməsi, o biri ‘mən’in dərhal revanş istəməsi ilə nəticələnirdi".

Bu metafora yalnız şahmat haqqında deyil, Sveyqin öz həyatı barədə də danışır. XX əsrin böyük humanisti, bir zamanlar "dünya vətəndaşı" olaraq səyyah və yazar kimi tanınan Sveyq nasistlərin yüksəlişi ilə bir miqranta çevrildi, daha sonra isə daxili sürgünə yollandı. Onun üçün doğma olan Avropa parçalanmış, mədəniyyət yandırılmış, dostlar itirilmişdi. Avstriyanın ilhaqı onun yalnız pasportunu deyil, kimliyini də əlindən almışdı.

“Şahmat novellası” bir sığınacaq idi — təcrid olunmuş şüur üçün qurulan daxili aləm, həm də bu dünyanın necə dağıldığını göstərən ədəbiyyat parçası. Sveyq şahmat oyununu yalnız bir oyun kimi deyil, insan təfəkkürünün sərhədlərinə və bu sərhədlərin pozulmasına dair bir meditasiyaya çevirir. Bu, şüurun sərhəddəki sınağıdır. Düşünmək – yaşamaq deməkdir, amma bəzən bu düşüncələr səni diri-diri yandırır.

Doktor B. ilə Çentoviçin oyunu, əslində, iki mədəniyyətin qarşıdurmasıdır: biri ağlın intizamı, estetikası və daxili sarsıntısı; digəri isə hissiz, mexaniki, ancaq praktiki zəfərlə dolu bir soyuqluq. Bu oyunu hansı "mən" udur? Sveyq cavabı oxucuya buraxır, lakin özü seçimini etmişdi.

1942-ci ilin fevralında, həyat yoldaşı ilə birlikdə intihar edərək, Sveyq bu dünyanı tərk etdi. Öz məktubunda yazırdı ki, “özüm üçün azadlıq və mənəvi iş ən böyük dəyərlər idi. Onları itirdiyim anda yaşamağın mənası da itdi.” Həmin gün insanlıq yalnız böyük bir yazıçını deyil, həm də mədəniyyətin əxlaqi səsini itirdi.

Sveyqin yazdığı son şahmat partiyası – “Şahmat novellası” – əslində, həyatla ölüm arasında oynanan oyun idi. Bu novellada yalnız fiqurlar deyil, fikirlər də yerini dəyişir, oyunçu dəyişir, auditoriya dəyişir. Amma bir şey dəyişmir: şahmat lövhəsindəki sonsuzluq illüziyası – insanın öz “mən”i ilə qarşılaşması və bu qarşılaşmadan necə çıxacağımız sualı. Sveyqin verdiyi cavab isə tək bir hərəkətdə gizlidir — oyunu tərk etmək. Oyunu başa vurmaq. Öz zehnini qorumaq üçün bir dəfəlik deyil demək.

Bu, həm şahmatın, həm də həyatın ən çətin və ən doğru gedişidir.

Elbrus RZA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr