AZ

Fransada əlcəzairlilərə qarşı səsləndirilmiş irqçi və damğalayıcı fikirlər ciddi rezonans doğurub

Paris, 15 avqust, AZƏRTAC

Fransanın keçmiş Avropa işləri naziri Noelle Lönuar tərəfindən Fransada yaşayan əlcəzairlilərə qarşı səsləndirilmiş irqçi və damğalayıcı fikirlər ölkə daxilində və beynəlxalq miqyasda ciddi rezonans doğurub.

AZƏRTAC xəbər verir ki, sözügedən açıqlamalar Fransız-Əlcəzair münasibətlərindəki gərginlik fonunda baş verir və bir neçə hüquqi və vətəndaş cəbhəsindən etirazlara səbəb olub.

"Fransada milyonlarla əlcəzairli var ki, onlar vağzallarda, metroda, küçədə və ya istənilən yerdə bıçaq çıxara bilərlər və ya avtomobillə insan kütləsinə hücum edə bilərlər", - deyə Noëlle Lönuar “Cnews” kanalında yayımlanan "L’Heure des Pros" verilişində deyib. Lakin bu düzəliş cəmiyyəti sakitləşdirməyə kifayət etməyib.

Bu açıqlamalardan sonra, ekoloq deputat Sabrina Sebaihi, “SOS Racisme”, “Union Algérienne” assosiaisyaları, eləcə də bir sıra ziyalı və vətəndaş cəmiyyətləri nümayəndələri tərəfindən Lönuara qarşı bir neçə hüquqi addım atılıb.

S.Sebaihi Paris Prokurorluğuna Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsi əsasında müraciət edərək, bu sözlərin cinayət xarakteri daşıdığını və ictimai nifrətə təhrik olduğunu bildirib.

Əlcəzair diaspor təşkilatı Paris İdarəetmə Məhkəməsinə müraciət edərək, “Cnews” kanalına sanksiya tətbiq edilməsini tələb edib. Onların fikrincə, Lönuarın sözləri irqi ayrı-seçkiliyə, nifrətə və zorakılığa təhrik kimi qiymətləndirilə bilər.

“L’Humanité” qəzetində yayımlanan petisiyada ziyalılar və fəallar Fransa hüquq orqanlarını – Ombudsmanı, ARCOM rəhbərliyini və Paris Prokurorunu bu məsələ ilə bağlı hərəkətə keçməyə çağırıblar: “Əlcəzairliləri təhlükəli şəxslər kimi təqdim etmək kollektiv stiqmatizasiyadır. Bu, milli mənşəyə əsaslanan nifrət nitqidir və milyonlarla insanın ləyaqətinə və hüquq bərabərliyinə zərbə vurur”.

Əlcəzair diaspor təşkilatları keçmiş nazirin “Cnews” kanalının xəbər proqramlarında canlı yayımda Fransız-Əlcəzair ikili vətəndaşlarından rəsmi şəkildə üzr istəməsini, 50 min avro təzminat ödəməsini, ARCOM tərəfindən cərimə olunmasını tələb edirlər. Onların fikrincə, təcili tədbirlər görülməlidir, çünki bu cür çıxışlar ictimai asayişi pozmaq və zorakılığa təhrik etmək riskini artırır.

Noelle Lönuarın sözləri Fransa cəmiyyətində irqçilik, mədəni stereotiplər və ictimai məsuliyyət məsələlərini yenidən gündəmə gətirib. Hüquq-mühafizə orqanlarının və audiovizual tənzimləyicilərin atacağı addımlar ifadə azadlığı ilə nifrət nitqi arasındakı sərhədləri necə qoruduqlarını göstərəcək.

Seçilən
31
3
azertag.az

4Mənbələr