AZ

Zəngəzur dəhlizi üzrə birgə ABŞ-Ermənistan şirkəti qurulur - səhmlər bərabər bölünəcək...


Qulamhüseyn Əlibəyli: “Dəhlizin idarə olunması və ona nəzarət üçün beynəlxalq əməliyyat şirkəti yaradıla bilər”

Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan Naxçıvan–Culfa dəmir yolu vasitəsilə Ermənistan və İran arasında əlaqələrin inkişafı üçün yeni perspektivlərin açıldığını bildirib.

Onun sözlərinə görə, bu marşrut iqtisadi və logistika baxımından region ölkələri üçün mühüm imkanlar yaradacaq.

Kostanyan qeyd edib ki, “Tramp marşrutu”- Zəngəzur dəhlizi adlanan layihə çərçivəsində Ermənistanda xüsusi bir şirkət qeydiyyatdan keçiriləcək və onun səhmləri Ermənistan ilə ABŞ arasında bölüşdürüləcək. O vurğulayıb ki, bu əməkdaşlıq forması regionda iqtisadi fəallığı artırmağa yönəlib: “Ermənistan "Tramp marşrutu" layihəsi üçün Birləşmiş Ştatların iştirakı ilə şirkət qeydiyyatdan keçirməyi planlaşdırır. Ermənistanda səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır”.

Burada diqqəti çəkən məqam odur ki, Zəngəzur dəhlizi (Tramp yolu) üzrə ABŞ-la Ermənistan arasında birgə şirkət yaradılacaq və onun səhmləri iki dövlət arasında bölünəcək.

“ABŞ dəhlizin maneəsiz və sərbəst fəaliyyətinin təminatçısı kimi çıxış edə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, “Tramp marşurutu” adlandırılan Zəngəzur dəhlizinin açılması prinsip etibarilə həll olunduğundan dəhlizə kimin nəzarət edəcəyi, onu kimin idarə edəcəyi məsələsinin müzakirəsi aktuallaşır: “Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyanın dediklərinin birinci hissəsi, yəni layihə çərçivəsində Ermənistanda xüsusi bir şirkətin qeydiyyatdan keçirilməsi tamamilə mümkün olan bir məsələdir. Yəni dəhlizin idarə olunması və ona nəzarət üçün beynəlxalq əməliyyat şirkəti yaradıla bilər. Həmçinin dəhliz Ermənistanın ərazisindən keçdiyi üçün Ermənistan qanunvericiliyinə uyğun qeydiyyatdan keçirilə bilər. Lakin həmin şirkətin səhmlərinin Ermənistan ilə ABŞ arasında bölüşdürülməsi məsələsi Ermənistanın öz təsdiqini tapmamış arzusu kimi qalır. Belə olarsa Ermənistan üçün ən ideal variant hesab oluna bilər. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin əsas təyinatı Azərbaycanı Naxçıvan ilə birləşdirmək, yüklərin maneəsiz daşınmasını və sərbəst gediş gəlişi təmin etməkdir. Başqa sözlə, dəhliz Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Dəhlizin beynəlxalq nəqliyyat kommunikasiya loqistikasının tərkib hissəsinə çevrilməsi Azərbaycandan keçən yüklərin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və oradan da Avropaya çatdırılmasını ehtiva edir. Ona görə də Zəngəzur dəhlizinin idarə olunmasında və ona nəzarətdə Azərbaycanın və Türkiyənin maraqlarının nəzərə alınması, daha doğrusu, Azərbaycanın və Türkiyənin iştirakının təmin olunması vacibdir. Əgər bu iştirak təmin edilməzsə, Ermənistanın gələcəkdə hansısa təxribatlar törədəciyi, müxtəlif bəhanələrlə dəhlizdən sərbəst keçidə maneələr yaradacağı istisna olunmur. Eləcə də Ermənistanda hakimiyyət dəyişikliyi halında dəhlizin tamamilə bağlanması ehtimalını da nəzərə almaq lazındır. Ona görə də Zəngəzur dəhlizini idarə edəcək və ona nəzarət edəcək beynəlxalq əməliyyat şirkətinin səhmlərinin bölüşdürülməsində Türkiyə və Azərbaycanın bərabər əsaslarla iştirakı vacibdir. Dəhlizin bütövlükdə Türkiyənin idarəçiliyinə və nəzarətinə verilməsi variantı da məqbul hesab oluna bilər. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün daha effektiv olardı. ABŞ isə dəhlizin maneəsiz və sərbəst fəaliyyətinin təminatçısı kimi çıxış edə bilər”.

Vidadi ORDAHALLI

Seçilən
17
baki-xeber.com

1Mənbələr