AZ

2020-ci ilin üçtərəfli 10 noyabr bəyanatı sıradan çıxır…


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ dövlət başçısı Donald Trampın dəvəti ilə Ağ Evdə dialoqu davam etdirən və bütün həll edilməmiş məsələlərin sülh yolu ilə və tam həllinə gətirib çıxaran anlaşma memorandumunun rəsmi imzalanması çox müsbət haldır. Bu fikirlər Vaşinqtondakı Bay Atlantik Universitetinin eksperti Paolo Von Şirah tərəfindən səslənib.

O bildirib ki, Birləşmiş Ştatlar zəmanətçi olaraq, ölkələri bir araya gətirən üçüncü tərəf kimi etibarını gücləndirir: “Hazırda regionun inkişafı ilə bağlı xoş ümidlər yaranıb. Xüsusən də bu, regionun Avropa və Mərkəzi Asiya, Avropa və Yaxın Şərq, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqə mərkəzinə çevrilməsinə yönəlmiş vacib infrastrukturun qurulmasında Amerika sərmayələrinin də cəlbini mümkün edir. Beləliklə, bütün bunlar çox müsbətdir. Düşünürəm ki, Tramp üçün də onilliklər ərzində müharibə aparan iki tərəf arasında ədalətli vasitəçi olduğunu sübut etmək çox prestijlidir. İndi daha müharibə yoxdur. Ərazi məsələləri həll olunub, lakin hələ görüləsi çox iş var. Düşünürəm ki, hər kəs bu görüşün uğurlu olmasından razıdır”. Amerikalı ekspert əlavə edib

ki, Donald Tramp birinci və ikinci prezidentlik dövründə dəfələrlə müharibəni, hərbi müdaxilələri, heç bir yerdə döyüşməyi sevmədiyini və sülh istədiyini söyləyib: “O, İsraillə Fələstin arasında sülh yaratmağa çalışıb və bu, davam edən bir prosesdir. Tramp Ukrayna ilə Rusiya arasında sülh yaratmağa çalışır. Azərbaycan və Ermənistanla bağlı Birləşmiş Ştatların prezidentinin bu sazişi imzalayan şəxs kimi birbaşa ön plana çıxması hər iki tərəfə bu prosesi davam etdirərkən müəyyən arxayınlıq hissi verməlidir”. ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks isə qeyd edir ki, otuz ildən artıq müddətdə ilk dəfədir Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi mümkün olub: “Demək istədiyim odur ki, Rusiya ilə Ermənistan arasında çox güclü əlaqələr var idi və rəsmi Moskva bu ölkədə qoşun yerləşdirib. Fikrimcə, Ermənistan Rusiyadan çox da razı deyildi. Belə ki, ən son müharibədə Ermənistan Rusiyadan istədiyi dəstəyi ala bilmədi. Ona görə də hesab edirəm ki, bu razılaşma Rusiyanın Qafqazda təsirinin azalmasına imkan verəcək”. Amerikalı ekspert prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı ABŞ-la əldə olunmuş razılaşmalara da toxunub və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını yüksək qiymətləndirib: “ABŞ-ın Azərbaycanın ən yaxşı beş ticarət tərəfdaşından biri olduğu deyilir və bu saziş yəqin ki, bu imkanları daha da artıracaq. Anlaşma Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdə ABŞ üçün iqtisadiyyat baxımından xüsusi imkanlar yaradır. Rusiya bu anlaşma ilə bağlı xarici müdaxilələrə qarşı xəbərdarlıq edib. Bu ölkənin Gürcüstanda, Ukraynada etdiklərini nəzərə alsaq, xarici müdaxilədən danışmasını çox ironik hesab edirəm”. Bütün bunlar fonunda görünən odur ki, ABŞ-ın yaxından iştirakı ilə Cənubi Qafqaz sürətlə sülh prosesinə doğru irəliləyir. Bu halda maraq doğuran məsələlərdən biri də Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış 2020-ci il 10 noyabr bəyanatının hələ də qüvvədə olub-olmamasıdır.

8 avqust Vaşinqton görüşündən sonra Rusiya bəyan edib ki, Ermənistanın İranla sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunmasını gözardı etmək olmaz və 10 noyabr üçtərəfli anlaşması aktuallığını qoruyub saxlayır. Bu açıqlamaya nə rəsmi Bakı, nə də İrəvan reaksiya verib.

Ermənistandan keçmiş diplomat Edmon Marukyan bildirir ki, İrəvan 10 noyabr atəşkəs bəyanatından imzasını geri götürməyib. İndi isə başqa bir sənəddə də kommunikasiya xətti nəzərdə tutulub. Milli Məclisin deputatı Səməd Seyidovun mövqeyincə, 10 noyabr bəyanatı ilə Vaşinqtonda imzalanan sənədlər ayrı-ayrı məsələlərdir və aralarında əlaqə yoxdur: “Vaşinqtonda gedən proseslərin buna nə dəxli var və ya onun buna nə aidiyyəti var? Paraflanan sülh müqaviləsinin mətni içində bir neçə vacib məqam var. 2, 3, 7, 15-ci maddələrdə birbaşa yazılıb ki, sülh müqaviləsi imzalanandan sonra…bir tərəfdən o biri tərəfə üçüncü qüvvə müdaxilə edə bilməz. Azərbaycanda üçüncü qüvvə yoxdur. Amma Ermənistanda azı iki dənə üçüncü qüvvə var: Sərhəddə Aİ-nin müşahidə missiyası - müqavilə imzalandıqdan sonra öz qüvvəsini itirməlidir. Bir də Rusiya silahlı qüvvələri Ermənistanda hərbi baza səviyyəsində fəaliyyət göstərir, bu da üçüncü tərəfdir”. Qeyd edək ki, 1992-ci il 30 oktyabrda imzalanmış ikitərəfli müqaviləyə əsasən, Rusiya qoşunları Ermənistanın Türkiyə və İran sərhədinin mühafizəsini öz üzərinə götürüb. Bu müqavilə tərəflərin razılığı əsasında dəyişdirilə bilər. 10 noyabr bəyanatına gəlincə, bu sənəd beynəlxalq müqavilə sayıla bilməz. Çünki iştirakçı ölkələrin heç biri onu parlamentində təsdiqləməyib. Ekspertlər isə qeyd edir ki, ümumilikdə, bəyannamələr heç də həmişə hüquqi qüvvəyə malik olmur, tərəflər üzərinə məcburi öhdəliklər qoymur. Bu sənədlər sadəcə müəyyən gözləntiləri bəyan edir. 10 noyabr bəyannaməsi bu qəbildən olan siyasi sənəddir. Vyana Konvensiyasına nəzərən təhlil edilsə, Vaşinqton bəyannaməsi ratifikasiya edilənə və yekun sülh müqaviləsinə 10 noyabr sənədinin ləğvi ilə bağlı maddə salınana qədər ikinci həm faktiki, həm də siyasi baxımdan keçərli sayıla bilər. Əvvəllər 10 noyabr bəyanatının 9-cu bəndinə əsasən, kommunikasiya xətlərinin açılması Rusiyanın iştirakı ilə baş tutmalı idi. Amma Rusiya bunu bacarmadı. Əvəzində ABŞ bu müstəvidə mühüm nailiyyətləə imza atır. Zəngəzur dəhlizinə Rusiya nəzarətinin aradan qalxması artıq qaçılmaz reallıq kimi çıxış edir.

Ramil QULİYEV

Seçilən
6
baki-xeber.com

1Mənbələr