İsveçin “Agenda Nexus” analitik platformasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib. Materialın müəllifləri Azərbaycan Prezidentini Cənubi Qafqazda siyasi tarazlığın əsas memarı adlandırırlar.
Bakues.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını müdafiə etdiyi, paytaxt Bakının regional siyasətdə rolunu gücləndirmək üçün incə diplomatiya, fəal addımlar atdığı bildirilir.
Məqalədə Cənubi Qafqazda vasitəçi rolunu möhkəmləndirməyə ümid edən Rusiyanın mövqeyinə xüsusi diqqət yetirilir. Qeyd edilib ki, Prezident İlham Əliyevin strateji manevri Moskvanı bir kənarda qoydu. Materialda yazılır ki, Moskva üçün vəziyyət regionda təsirinin zəifləməsi ilə mürəkkəbləşib və əlavə edilir ki, bu fonda Zəngəzur dəhlizi Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün potensial alət kimi xüsusi əhəmiyyət kəsb edir.
Məqalədə Azərbaycan Prezidentinin xarici siyasət manevrlərinə, o cümlədən Ukraynaya dəstək, Fransa ilə diplomatik qarşıdurma və Avropaya yönəlmiş iqtisadi modernləşmə kursuna xüsusi diqqət yetirilir. Müəlliflərin fikrincə, iqtisadi artım, irimiqyaslı infrastruktur layihələri, milli özünəməxsusluğun möhkəmlənməsi sayəsində Azərbaycan dövlətinin başçısı öz ölkəsinin əhalisi arasında yüksək etimad reytinqini qoruyub saxlayır.