AZ

Sxadadze: “Heç bir rəqibdən çəkinməyəcəyik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 1-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümünün açılış oyununda “Qəbələ” bu gün Şamaxıda “Karvan”la qarşılaşıb.

Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar – 1:1. Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Ümid edirəm ki, maraqlı mövsüm olacaq. Xeyli sayda qol imkanımız oldu. Futbolçularım yaxşı oynadılar. Hər birindən razıyam. Biz fürstələri dəyərləndirə bilmədik. Əvəzində rəqib qol vurdu. Futbolda belə hallar olur.

Sonradan meydana buraxdığımız oyunçulardan gözlədiyimiz nəticəni ala bilmədik. Komanda 11 oyunçudan ibarət deyil. Hamıya şans verməliyik. Sanqare bir həftədir bizə qoşulub. Uyğunlaşmaq üçün ona vaxt lazımdır. Komandada gənclərlə yanaşı təcrübəli oyunçular da var. Doni Massumo Azərbaycana gələnə kimi peşəkar səviyyədə oynamırdı. Amma bu gün onun oyununu görürsünüz”.

Sxadadze komandasının Premyer Liqadakı hədəflərini də açıqlayıb:

“Hədəfimiz mümkün qədər yuxarı yerlərdə qalmaq və Premyer Liqada möhkəmlənməkdir. Aşağı liqadan gələn komanda üçün yüksək yerlər uğrunda oynamaq çətindir. Addım-addım gedirik. Heç bir komandadan çəkinməyəcəyik, “avtobus” qurmayacağıq”, deyə Sxadadze bildirib.

“Karvan”ın baş məşqçisi Azər Həşimov isə elitadakı ilk oyunlarına belə şərh verib:

“İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizə getdi. Bu gün 1 xal qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür.

Hər rəqibə qarşı əzmkar oynamağı bacaran komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı neçə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qazandıq. Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerlərdə olmağa çalışacağıq. Heç kim deyə bilməz ki, “Karvan”ı asanlıqla məğlub edəcəyik”.

Seçilən
22
50
arena.az

10Mənbələr